İyulun 8-də azərbaycanlı zəvvarlar böyük Həcc ayinlərinə başlayacaq

İyulun 8-də azərbaycanlı zəvvarlar böyük Həcc ayinlərinə başlayacaq
# 06 iyul 2022 18:28 (UTC +04:00)

“Sabah zəvvarların bir hissəsi Minaya tərviyəyə, bir hissəsi isə Ərəfat çölünə çıxacaq”.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, iyulun 8-i, Zilhiccə ayının 9-da zəvvarlar Ərəfat çölündə olacaqlar və böyük Həccin ayinlərinə başlanılacaq:

“Ayinlər Zöhr azanından Şam azanına qədər davam edəcək. Şam azanından sonra zəvvarlar Müzdələfə çölünə gedirlər və ibadət edirlər. İyulun 8-dən 9-na keçən gecə, yəni Zilhiccə ayının 9-dan 10-na keçən gecə zəvvarlar Ərəfatdan Müzdələfəyə doğru hərəkət edirlər. Zəvvarlar orada ibadət edirlər. Səhər gün çıxan kimi Minaya doğru gedirlər, orada çadır şəhərciyində əşyalarını qoyurlar. Oradan əqəbəni (böyük şeytanı) daşlamağa gedirlər və əqəbədə 7 daş atırlar. Daha sonra zəvvarlar qurbangaha gedərək qurbanlarını kəsirlər. Sonra çadır şəhərciyinə geri dönən zəvvarlar saçlarını kəsdirməklə böyük Həccin ayinlərini yerinə yetirmiş olurlar, yəni artıq Hacı olurlar. Zilhiccə ayının 11-12-ci günlərində zəvvarlar kiçik, orta, böyük şeytanlara 7 daş atırlar. Ayinləri bitirdikdən, 3 gün çöldə qaldıqdan sonra Məkkədə Həcc təvafını, sonra isə Nisə və ya Vida təvafını həyata keçirməklə Həcc ayinləri bitmiş olur”.

Vüsal Cahangiri eyni zamanda zəvvarların səhhəti ilə bağlı da məlumat verib:

“Zəvvarlarımızın səhhətində heç bir problem yoxdur. Sadəcə hər Həcc ziyarətində bəzi zəvvarlarda müəyyən qədər soyuqdəymə əlamətləri ola bilər. Havanın temperaturu 40 dərəcədir, bu isə bura üçün münasib temperaturdur. Əvvəlki illərdən fərqli olaraq hərdən zəif meh də əsir”.

Qeyd edək ki, pandemiyadan sonra bu il ilk dəfə 680 zəvvar Azərbaycandan Həcc ziyarətinə gedib. Həcc ziyarətinə səfər iyunun 29, 30 və iyulun 1, 2-də təşkil olunub. Zəvvarlar iyulun 19-20-də ölkəyə geri dönəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR