QMİ sədri KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin videokonfrans formatında keçirilən onlayn iclasında iştirak edib

QMİ sədri KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin videokonfrans formatında keçirilən onlayn iclasında iştirak edib
# 25 iyun 2020 17:05 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən növbəti onlayn iclasında iştirak edib.

QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə videoiclasda Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını, xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb. KAİCİİD Təşkilatının Baş Katibi d-r Feysal bin Müəmmar videokonfransın gedişində pandemiya səbəbindən öncədən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini vurğulayıb.

Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sisteminin təkmilləşdirilməsi, təşkilatın Cenevrə şəhərində nümayəndəliyinin təsis olunması, İndoneziya, Argentina, Nigeriyanın yeni üzvlər olaraq qəbul edilməsi, Seneqalın öz namizədliyini irəli sürməsinə dair fikir mübadiləsi, KAİCİİD-in inkişaf strategiyası ətrafında müzakirələr aparılıb. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, o cümlədən, təşkilat yanında müşahidəçi statusunun alınması prosedurları, həmçinin, beynəlxalq təqaüdlərin müəyyənləşdirilməsi kimi əhəmiyyətli məsələlər daxil idi. Ümumi rəy bundan ibarət oldu ki, videokonfrans müvəqqəti format kimi qənaətbəxşdir, lakin şərait imkan verən kimi canlı ünsiyyət şəraitində toplaşmaq məqsədəuyğundur.

Qeyd edək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR