Azərbaycanın siyasi partiyalarında üzvlük haqqı hansı qaydalara əsasən müəyyənləşir? - SORĞU

Azərbaycanın siyasi partiyalarında üzvlük haqqı hansı qaydalara əsasən müəyyənləşir? - <span style="color: red;">SORĞU
# 07 mart 2013 12:53 (UTC +04:00)

APA bununla əlaqədar siyasi partiyalar arasında sorğu keçirib.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında partiyada üzvlük haqqının 1 manat müəyyənləşdiyini deyib. Lakin bunun minimum səviyyədə olduğunu bildirən S.Novruzovun sözlərinə görə, üzvlər arasında bu məbləğdən də artıq ödəyənlər var: “Əvvəllər, hələ Kommunist Partiyasının dövründə belə bir sistem vardı ki, alınan əmək haqqının 1 faizi üzvlük haqqı kimi müəyyənləşsin. Lakin biz YAP Siyasi Şurasında və İdarə Heyətində müzakirələr apararaq, o cümlədən rayon-şəhər təşkilatlarının hər birinin mövqeyini öyrənildikdən sonra belə müəyyənləşdirdik ki, işləyən partiya üzvlərinin hər birindən 1 manat məbləğində üzvlük haqqı yığılmalıdır. Burada faiz nəzərə alınmır. Bu minimum səviyyədə belədir və onun yuxarı həddi müəyyənləşməyib. Məsələn, elə adam var ki, bir az artıq ödəyir, eləsi var ki, lap artıq ödəyir. Yəni bunlar hamısı müxtəlif formadadır. Mən Milli Məclisin deputatı kimi daha artıq üzvlük haqqı ödəyirəm. Əslində isə 1 manat müəyyənləşib. Lakin üzvlük haqqının ödənilməsinə işləməyən partiya üzvləri, tələbələr daxil deyil”.

S.Novruzov onu da deyib ki, bu, təkcə maddi məsələ deyil, eyni zamanda bir məsuliyyət məsələsidir: “Yəni hər bir insanın partiyaya bağlılığından asılı olan məsələdir. Bu baxımdan partiya nizamnaməsindən irəli gələn tələblərdən biri də üzvlük haqqının ödənilməsidir”.

Müsavat başqanının müavini Gülağa Aslanlı da APA-ya deyib ki, partiyanın üzvlük haqqı əmək haqqının bir faizi miqdarında müəyyənləşib. Bunun nizamnaməyə uyğun tənzimləndiyini deyən G.Aslanlının sözlərinə görə, bu vaxta qədər üzvlük haqlarının yerinə ianələr də olub: “Partiya üzvlərinin əksəriyyəti işsiz olduğu üçün orta hesabla nə qədər ödədiklərini müəyyənləşdirmək xeyli çətindir. Hətta işsizlər 20 qəpik üzvlük haqqı verə bilirlər. İanələr haqqında qanuna dəyişikliklər təsdiqlənərsə, bunun alınması da problemə çevrilə bilər. Bu vaxta qədər yığılan üzvlük haqları partiyanın kommunal xərclərinin ödənməsinə və müəyyən texniki işlərin həllinə sərf olunub. Onun miqdarı təqribən ayda 1500 manat məbləğində təşkil edilib. Hər halda, bizim bir ayda yığılan üzvlük haqlarından gələn aya demək olar ki, qalıq qalmır”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu isə APA-ya açıqlamasında partiyada üzvlük haqqının təxminən 30-40 qəpik miqdarında təşkil etdiyini deyib. Bununla bağlı heç bir tənzimləyici maddə olmadığını deyən sədr müavini tam məbləğin müəyyənləşmədiyini bildirib: “Hər bir üzv təxminən bir çörəyin qiyməti qədər - 30-40 qəpik miqdarında üzvlük haqqı ödəyir. Əvvəlcədən bu cür müəyyənləşib. Bizdə üzvlük haqqı yığmaq bir az çətindir. Yəni rayon şöbələrinin üzvlərində çətinlik olur. Bu hər hansı əsasnaməyə uyğun tənzimlənmir. O vaxtdan belə müəyyənləşib ki, bir çörəyin qiyməti nə qədərdirsə, üzvlük haqqının da o qədər olması məqsədəuyğundur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı APA-ya deyib ki, üzvlük haqları partiyanın nizamnaməsi ilə tənzimlənir: “Partiyanın nizamnaməsinə görə, işləyənlər aylıq əmək haqqının 1 faizi məbləğində üzvlük haqqı ödəyir. Məsələn əmək haqqı ayda 300 manat olan 3 manat, 200 manat olan 2 manat ödəyir. İşləməyən adamlardan isə üzvlük haqqı alınmır. Təqaüdçülərə isə bu məcburi deyil, lakin ödəmələrinə heç bir maneçilik də yoxdur”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan APA-ya partiya üzvləri işsiz olduğu üçün üzvlük haqqının da alınmadığını deyib: “Nizamnamədə bu, əmək haqqının 2 faizi şəklində göstərilir. Lakin üzvlərimiz işsiz olduğundan, üzvlük haqqı alıb onları niyə bezdirək?”

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, partiyaya daxil olan hər kəs üçün 1 manat məbləğində üzvlük haqqı müəyyənləşdirilib: “Azərbaycanda sosial-iqtisadi vəziyyətin ağır olması və işsizlərin sayının çox olması belə aşağı səviyyədə məbləğin nəzərdə tutulmasına səbəb olub. Partiyanın nizamnaməsinə əsasən üzvlük haqqının normasını Ali Məclis müəyyən edir. Ali Məclisin son iclasında da bu, 1 manat müəyyən olunub. Bu barədə də qərar son günlərdə verilib, çünki əvvəllər üzvlük haqqı olmayıb”.

Ümid Partiyasının sədr müavini Aynur İmranova isə APA-ya açıqlamasında hal-hazırda partiyada üzvlük haqqının olmadığını, lakin bu məsələnin layihə kimi müzakirə olduğunu və yaxın vaxtlarda təsdiq ediləcəyini bildirib: “Təbii ki, ianələr var, lakin hələ ki bu barədə qərar qəbul olunmayıb və müzakirə aparılır. Təsdiq olunandan sonra artıq üzvlük haqları tətbiq olunacaq”.

Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa bildirib ki, üzvlük haqqı partiyanın nizamnaməsinə uyğun olaraq əmək haqqının 1 faizi miqdarında müəyyənləşib: “Həmin faiz partiyaya ödənilir. Lakin üzvlər arasında işsizlərin sayı çox olduğuna görə bu qaydaya da tam əməl edə bilmirik”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilat katibi Nazim Ələsgərov isə hazırda partiyada üzvlük haqqının olmadığını, yalnız ianələrlə fəaliyyət göstərdiklərini deyib: “Əvvəllər üzvlük haqqı olub, lakin indi yoxdur. Hərdən rayon təşkilatları üzvlük haqları yığır. Bu da epizodik olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR