Araşdırma: “Azərbaycandakı 100-dək futbol arenasının əksəriyyəti yenidən qurulmalıdır”

Araşdırma: “Azərbaycandakı 100-dək futbol arenasının əksəriyyəti yenidən qurulmalıdır”
  • Clock-gray 08:17
  • calendar-gray 15 May 2007
Prezident İlham Əliyevin Bakının 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istədiyi barədə bəyanatından sonra ölkədəki idman qurğularının beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranıb. Son illər ölkədə Olimpiya İdman komplekslərinin tikintisi sürətlə aparılsa da, yeni stadionlar inşa olunmur. Yalnız Quba və Lənkəran Olimpiya komplekslərinin nəzdində 2-3 min tamaşaçı tutumuna malik stadionlar tikilib. Arenalar arasında Olimpiya təyinatlı, yəni futbol meydançası ilə yanaşı, qaçış cığırı və yüngül atletika üçün digər imkanları olanları üstünlük təşkil edir. Sırf futbol meydançaları isə, əsasən, son illərdə istifadəyə verilib. Bakının iştirak ərizəsi ilkin mərhələdən uğurla keçsə, Olimpiya Oyunlarının açılışı üçün ən azı 70 min tamaşaçı tutumuna malik stadion inşa edilməlidir. Hazırda Azərbaycan hökumətinin belə bir arena inşa etmək niyyəti var. Artıq bundan ötrü müəyyən ərazilər də müəyyənləşdirilib. Konkret, hansı ərazinin ayrılacağı isə Bakının 2016-cı il Olimpiadasına ev sahibliyi etmək istəyən namizədlər arasından seçilərək, ikinci mərhələyə vəsiqə qazanmasından sonra müəyyənləşməlidir. Bundan ötrü isə sentyabradək gözləmək lazımdır.
Hələlik Azərbaycanın şəhər və rayonlarında stadionların əsaslı və ya qismən təmiri aparılmaqdadır. Əsaslı təmir işlərinə xüsusən 2003-cü il dekabrın 30-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyində dəyişiklik edildikdən və prezident İlham Əliyevin 2003-cü ildə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını imzalamasından sonra başlanılıb. Yevlax, Lənkəran, Tovuz və İmişli rayonlarındakı stadionlarda əsaslı təmir işləri aparılıb. Bu ilin sonunadək Kürdəmir və Lerik şəhər stadionları istifadəyə veriləcək. Salyan şəhər stadionu və Anatoli Banişevski adına Masallı şəhər stadionu gələn il tam hazır vəziyyətə gətiriləcək. Bakı şəhərinin Buzovna qəsəbəsindəki “Gənclik” stadionunun və Zirə qəsəbə stadionunun təmiri yaxın illərdə başa çatdırılacaq. Bu ilin ikinci yarısından isə 3500 yerlik Şəki, 3000 yerlik Sabirabad və Naftalan şəhər stadionlarının təmirinə başlanılacaq. Hər üç stadionun gələn ilin əvvəlinədək istifadəyə verilməsi nəzərdə tutulub.
Hazırda işğal olunmuş ərazilərimiz də daxil olmaqla, ölkəmizin şəhər və rayonlarında 100-dək stadion var. Böyük şəhərlərin payına ən azı iki, rayon mərkəzlərinin payına isə bir stadion düşür. Bakıda və qəsəbələrində 10-dan çox stadion olsa da, əksəriyyətinin təmirə ehtiyacı var.
Arenalar arasında yalnız 1951-ci ildə istifadəyə verilmiş Tofiq Bəhramov adına Respublika stadionu Gənclər və İdman Nazirliyinin balansındadır. Nazirlik ötən il 29750 tamaşaçı tutumu olan mərkəzi arenanın qüllələrini təzələyib. Ot örtüyü isə 2002-ci ildə dəyişdirilib, drenaj sistemi quraşdırılıb. Cari ilin sonunadək elektron tablonun dəyişdirilməsi nəzərdə tutulub. Sovet dövründən qalmış tablo müasiri ilə əvəzlənəcək. Stadionun direktoru Akif İsmayılovun sözlərinə görə, ot örtüyündə drenaj və kompüterlə idarə olunan suvarma sistemi qurulsa da, istilik sistemi quraşdırılmayıb. Bunun üçün təqribən 650 min avro vəsait lazımdır. Həm də Bakıda hava şəraiti əsasən normal olduğundan, buna o qədər də ehtiyac yoxdur. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən ilk dəfə 1996-cı ildə beynəlxalq oyunların keçirilməsi üçün lisenziya alan stadionda milli çempionat və futbol üzrə milli komandamızın iştirakı ilə oyunlar keçirilir. A. İsmayılovun sözlərinə görə, Avropa çempionatının seçmə tsikli bitdikdən sonra 2008-ci ildən stadion əsaslı təmirə bağlanacaq.
UEFA tərəfindən beynəlxalq oyunların keçirilməsinə lisenziya alan ikinci arena “Şəfa” stadionudur. Stadion əvvəllər “Termist” adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına əsaslı şəkildə yenidən qurulub. AFFA-nın balansında olan bu arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulsa da, bu il yanvarın 12-də “İnter” idman klubuna 15 illik icarəyə verilib. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. 7852 tamaşaçı tutumuna malik arenanın ot örtüyünün vəziyyəti elə də qənaətbəxş deyil. Buna görə də ot örtüyünün tezliklə dəyişdirilməsi nəzərdə tutulur. “Şəfa” stadionunda əsas meydança ilə yanaşı, süni örtüklü meydançalar da var. Əsas meydançada milli çempionatın ilk dövrəsində “Olimpik” klubu ev oyunlarını keçirib. İkinci dövrədən “Olimpik”lə yanaşı, “İnter” komandası da rəqiblərini “Şəfa”da qəbul edir. Bundan başqa, aşağı yaş qrupları üzrə yığma komandalarımız da ev oyunlarını bu stadionda keçirəcək.
Bakıda daha bir iritutumlu stadion Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadiondur. Dövlət Neft Şirkətinin balansında olan stadionun yaşıl ot örtüyü üç tərəfdən üstüörtülü tribunalarla əhatələnib. Artıq tribunalarda 5 minədək plastik oturacaq quraşdırılıb. Yaxınlarda dördüncü tribunanın tikintisinə başlanılacaq ki, bununla da, oturacaqların sayı 10 minə çatdırılacaq. Ot örtüyünün dəyişdirilməsinə isə yayda başlanılacaq. Hazırda heç bir klubumuz rəqiblərini bu stadionda qəbul etmir. Amma “Neftçi” PFK-nın əsas və əvəzedici heyətləri, “Neftçi” İSM-in uşaq komandaları burada məşq edirlər. İlk dəfə 2001-ci ildə UEFA tərəfindən lisenziya alan bu stadionda 21 yaşlılardan ibarət yığma komandamız Almaniya və İngiltərə komandaları ilə Avropa çempionatının seçmə oyunlarını keçirib. Aprelin ortalarında Regional kubok turnirinin qrup mərhələsinin oyunları da bu arenada keçirilib.
Stadionun meydançasında avtomatik suvarma sistemi, drenaj, olimpiya təyinatlı arenada qaçış zolaqları, habelə, idman zalları var. Burada uşaq və gənclər güləş, sambo, karate, taekvondo, ağır atletika və voleybolla məşğul olurlar.
Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadion da Dövlət Neft Şirkətinin balansındadır. Həmin stadionu icarəyə götürən “Qarabağ” futbol klubu artıq təmir işlərinə başlayıb. İlk növbədə, ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Bundan başqa, oturacaqların sayının artırılması da gündəmdədir. Hazırda meydançanın yalnız bir tərəfində tribuna var. Tamaşaçı tutumu 3000 nəfərlikdir.
Ədliyyə Nazirliyinin balansında olan “Ədliyyə” stadionunda isə vəziyyət o qədər də ürəkaçan deyil. Ot örtüyü normal vəziyyətdə olsa da, 2000 nəfərlik tamaşaçı tutumuna malik tribunalarda oturacaq quraşdırılmayıb. Hazırda birinci dəstədə çıxış edən “Ədliyyə” komandasının oyunlarını izləməyə gələnlər beton plitələr üzərində oturmalı olurlar. Qapılardan birinin arxasına yığılan daş-qalaq isə, nə qədər qəribə olsa da, 2004-cü ildə Portuqaliyada Avropa çempionatı zamanı oyunların keçirildiyi stadionlardan birini xatırladır.
Müdafiə Nazirliyinin balansında olan Mərkəzi Ordu İdman Klubunun stadionu da eyni vəziyyətdədir. Klub rəhbərliyi hər il stadionda təmir işlərinin aparılacağını vəd etsə də, hələ konkret iş görülməyib. Nə eyni sayda tamaşaçı tutumuna malik tribunada plastik oturacaqlar quraşdırılıb, nə də kələ-kötür ot örtüyünə əl gəzdirilib. Rəhbərlik yenə vəd edib ki, stadion əsaslı təmir olunacaq, 7000 nəfərlik tribunalar qurulacaq. Ot örtüyü dəyişdiriləcək, stadionda digər idman növləri üçün nəzərdə tutulmuş zallarda da təmir işləri aparılacaq.
Bakıda Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionu da var. Şəhərin mərkəzində olması məşq keçməyə stadion axtaran bir çox klubun işinə yarayır. Üstəlik, Akademiyanın tələbələri də bu arenadan yararlanırlar. Stadionun ərazisində məcburi köçkünlərin məskunlaşması idman qurğusunun fəaliyyətinə müəyyən maneələr yaradır. Dörd minədək tamaşaçı tutumuna malik stadionda yalnız bir tərəfdə tribuna quraşdırılıb. Yüngül atletika növləri ilə də məşğul olmağa imkan verən stadionun ot örtüyünə vaxtaşırı qulluq olunsa da, həddən artıq yüklənməsi müəyyən problemlər yaradır. Arenanın yalnız uzun müddətdir, stadionun direktoru vəzifəsində çalışan Sulduz Salmanovun təcrübəsi hesabına normal vəziyyətdə saxlanıldığını söyləmək olar.
İkinci ən böyük şəhərimiz sayılan Gəncədəki stadion tutumuna görə ölkəmizin ikinci arenası olsa da, hazırda demək olar ki, istifadəsiz qalıb. Səbəb 1959-cu ildə yaradılmış, üçqat ölkə çempionu və üçqat ölkə kubokunun sahibi “Kəpəz”in (hazırda “Gəncə” adlanır) mövsümün əvvəlində maliyyə problemləri üzündən fəaliyyətini dayandırmasıdır. Ölkəmizin ikinci ən böyük stadionunun da ciddi təmirə ehtiyacı var. Meydançanın ot örtüyü qeyri-qənaətbəxş vəziyyətdədir. 25 min nəfərlik tamaşaçı tutumuna malik tribunalarda isə hələ xeyli plastik oturacaq quraşdırılmalıdır.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu respublikanın üçüncü ən böyük arenasıdır. Bu arenada da xeyli təmir işləri aparılmalıdır. Stadionun ot örtüyünün bərbad vəziyyətdə olması texnikalı oyun nümayiş etdirməyə imkan vermir. Tribunalardakı taxta oturacaqlar hələ də dəyişdirilməyib. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların təmirə ehtiyacı var. Hazırda Sumqayıt şəhər stadionunda “Gənclərbirliyi” komandası ev oyunlarını keçirir. Klub maliyyə problemləri üzündən milli çempionatın yüksək liqasında o qədər də uğurlu çıxış etmir. Maliyyə problemləri həm də “Gənclərbirliyi” rəhbərliyinin stadionda təmir işləri aparmasına imkan vermir.
Ölkəmizdə ən müasir tələblərə cavab verən sırf futbol arenası isə Lənkəran şəhər mərkəzi stadionudur. “Xəzər-Lənkəran” futbol klubunun baş sponsoru “Palmali” Şirkətlər Qrupunun təşəbbüsü və maliyyə dəstəyi ilə yenidən qurulan stadion 15000 tamaşaçı tutumuna malikdir. “Xəzər-Lənkəran” MMC-yə məxsus arenanın ot örtüyü, drenaj sistemi, kompüterlə suvarma sistemi, müasir elektron tablo qurulub.
Qazax şəhər stadionu da tamaşaçı tutumuna görə fərqlənsə də, burada ot örtüyünün vəziyyəti qeyri-qənaətbəxşdir, tribunalarda plastik oturacaqlar hələ tam quraşdırılmayıb.
Heydər Əliyev adına İmişli şəhər stadionu “MKT-Araz” futbol klubunun təşəbbüsü və maliyyə dəstəyi ilə köhnə stadionun yerində rekonstruksiya olunaraq ötən il martın 23-də istifadəyə verilib. 7300 nəfərlik tamaşaçı tutumuna malik stadionun ərazisində növbəti mövsümədək təbii örtüklü daha 2 meydança istifadəyə veriləcək. Əsas meydançada ilk dövrədə ot örtüyü ilə bağlı yaranmış problem artıq yoluna qoyulub. Arenada bu mövsüm tablonun quraşdırılması nəzərdə tutulmayıb. 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alan bu stadionda ötən mövsüm “MKT-Araz” komandası Moldovanın “Tiraspol” komandası ilə İntertoto kubokunun ev oyununu keçirib.
“Karvan” İdman Klubu MMC-nin əsaslı təmir edərək 2004-cü ilin sentyabrında istifadəyə verdiyi Yevlax şəhər stadionu 5000 tamaşaçı tutumuna malikdir. Gələcəkdə stadionun tamaşaçı tutumunun 9-10 min nəfərə çatdırılması nəzərdə tutulub. Əsas meydançada ot örtüyünün yararsız vəziyyətdə olması üzündən “Karvan” güclülər dəstəsində rəqiblərini hələ də ehtiyat meydançada qəbul edir.
Maliyyə problemləri üzündən ötən mövsümün əvvəlində fəaliyyətini dayandıran ikiqat Azərbaycan çempionu “Şəmkir” komandasının ev arenası kimi yararlandığı Şəmkir şəhər stadionu isə hazırda istifadəsiz qalıb. Halbuki regionlarımız arasında UEFA tərəfindən ilk lisenziyanı məhz bu arena alıb. Həm də bu stadion regionlardakı digər arenaların hamısından tez təmir olunaraq, normal vəziyyətə gətirilib. Lakin baxımsızlıqdan ot örtüyü yararsız vəziyyətə düşməkdədir.
Mütəxəssislərin fikrincə, indiyədək əksər stadionlarımızın vəziyyətinin qeyri-qənaətbəxş olmasına səbəb onların klubların balansına verilməməsidir. Məsələn, Şövkət Orduxanov adına Qusar şəhər stadionu məhz yerli “Şahdağ” klubunun rəhbərliyi ilə stadionun balansında olduğu Həmkarlar İttifaqları Konfederasiyaları arasında razılığın əldə olunmaması səbəbindən təmirsiz vəziyyətdə qalıb. Amma iki il öncə ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanmış “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”na əsasən, rayonlardakı stadionlar həmin rayonu təmsil edən klubun mülkiyyətinə verilməlidir. Artıq stadion “Şahdağ”ın mülkiyyətindədir. Klub rəhbərliyi yaxın vaxtlarda stadionda əsaslı təmir işlərinə başlamaq niyyətindədir. Əsasən, arenanın tamaşaçı tutumunun 7000 nəfərədək çatdırılması nəzərdə tutulub. İndiyədək təmir olunmuş stadionların əksəriyyəti isə həmin stadiondan istifadə edən futbol klublarının təşəbbüsü ilə normal vəziyyətə çatdırılıb. Hazırda güclülər dəstəsi ilə yanaşı, birinci dəstədə yarışan klublar da ev oyunlarını keçirdikləri stadionlarda təmir işlərinə xüsusi önəm verirlər. Bu baxımdan “ABN-Bərdə”nin Bərdə şəhər stadionunun tamaşaçı tutumunu 10 min nəfərə çatdırmaq istədiyini qeyd etmək olar. Yeni stadionların tikintisini əngəlləyən amillərə gəldikdə, bunlardan ən əsası kimi yerli icra hakimiyyətləri tərəfindən iş adamlarına maneçilik törədilməsi göstərilir.
Daha bir problem stadionların əksəriyyətində ot örtüyünün qaydasında olmamasıdır. Bu sahədə mütəxəssislərdən sayılan Sulduz Salmanovun sözlərinə görə, stadionlara aqrotexniki qulluq, meydançanın ot örtüyünün vaxtında biçilib, gübrə verilməsi özü bir elmdir: “Amma bizdə bu sahəyə ciddi diqqət ayrılmır. Halbuki qazonun körpə uşaq kimi daim qayğıya ehtiyacı var. Tofiq Bəhramov adına Respublika, “Şəfa”, Lənkəran şəhər, Yevlaxdakı “Karvan”, Heydər Əliyev adına İmişli, Quba Olimpiya Kompleksinin meydançasının ot örtüyünə başqa yerdən gətirilmiş toxum səpilib. Lakin gətirilən ot toxumlarının çoxu dekorativ olur. Üzərində futbol oynamaq üçün nəzərdə tutulan otların qiyməti isə çox bahadır. Kənardan ot toxumları gətirərkən yerli iqlim şəraiti, torpaq örtüyü mütləq nəzərə alınmalıdır. Azərbaycanın hava, iqlim şəraitinə uyğun olan ot toxumlarını gətirmək lazımdır ki, bitəndən sonra davamlı olsun. Qazonun gələcək keyfiyyətinin yaxşı olması üçün ilk növbədə, bu amil nəzərə alınmalıdır. Bundan başqa, toxum səpildikdən sonra minimum ilyarım gözləmək lazımdır ki, otun kökü bərkisin. Ot torpağa ən azı səkkiz santimetr daxil olmalıdır. Bəzən isti havada meydançaların suvarıldığının şahidi olmuşam. Belə olduqda ot örtüyü yanır, saralır. Meydança ya səhər tezdən, ya da gün batandan sonra suvarılmalıdır. Hətta suvarma zamanı meydançanın yerləşdiyi ərazinin rütubətlilik dərəcəsinə də fikir verilməlidir. Meydançanın torpaq örtüyü də xüsusi seçilməlidir. Öncə torpağı laboratoriya şəraitində analiz etmək, yalnız tələblərə cavab verdiyi halda, istifadə etmək lazımdır. Bundan başqa, meydançanı gün ərzində dörd saatdan çox yükləmək olmaz. Bütün bu işləri görərkən, mütəxəssislə məsləhətləşmək lazımdır”.
Sonda ölkənin ən böyük stadionlarının siyahısını bir daha diqqətə çatdırırıq:
Tofiq Bəhramov adına Respublika stadionu 29750 yerlik
Gəncə şəhər stadionu 25000 yerlik
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 15350 yerlik
Lənkəran şəhər mərkəzi stadionu 15000 yerlik
Qazax şəhər stadionu 12000 yerlik
Şəmkir şəhər stadionu 10000 yerlik
“Şəfa” stadionu 7852 yerlik
Heydər Əliyev adına İmişli şəhər stadionu 7300 yerlik
Tovuz şəhər stadionu 6334 yerlik
Şövkət Orduxanov adına Qusar şəhər stadionu 6000 yerlik
Yevlax şəhər stadionu 5000 yerlik

Digər xəbərlər