Azərbaycan güləşçiləri dünya çempionatına 4 medalla başlayıb

Azərbaycan güləşçiləri dünya çempionatına 4 medalla başlayıb
  • Clock-gray 02:24
  • calendar-gray 30 Oktyabr 2019

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. 

APA-nın məlumatına görə, sərbəst güləş üzrə yarışın ilk medal günündə Azərbaycan millisinin 4 pəhləvanı fəxri kürsüyə yüksəlməyi bacarıb. 

Təmsilçilərimizdən mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov (65 kq) kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Yapon güləşçiylə final gərgin keçib. Sona az qalmış rəqibi əks-fənddə yaxalayan Bayramov dünya çempionu tituluna yiyələnib. 

Ondan fərqli, Abubakr Abakarov (79 kq) ikinci yerlə kifayətlənib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məyus edən Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən Abubakr finalda güləşmək hüququ qazanıb. Həlledici qarşılaşmaya çox yaxşı başlayan pəhləvan 4 xal qazansa da, çevirmə fəndi edərkən səhvə yol verərək gürcü həmkarına uduzub və gümüş medalla kifayətlənib.

Digər güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) və Davud İbrahimov (70 kq) isə üçüncü yeri tutublar. Onlar bürünc medal görüşündə müvafiq olaraq, rusiyalı və iranlı rəqiblərindən üstün olublar. 

Beləliklə, Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Qeyd edək ki, yarışın ikinci günündə sərbəst güləşçilərdən Hacımurad Məhəmmədsəidov (86 kq) finala vəsiqə qazanıb. Şamil Zubairov (92 kq) isə bürünc medal uğrunda görüşdə iştirak hüququna yiyələnib. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date