Taekvondo Federasiyasında Avropa birinciliyində uğur qazanmış idmançılarla görüş keçirilib

Taekvondo Federasiyasında Avropa birinciliyində uğur qazanmış idmançılarla görüş keçirilib 
  • Clock-gray 13:37
  • calendar-gray 21 Oktyabr 2019

Azərbaycan Taekvondo Federasiyasında (ATF) İspaniyanın Marina Dor şəhərində keçirilmiş yeniyetmələr və gənclər arasında Avropa birinciliyində uğur qazanmış idmançılarla görüş keçirilib. 

APA-nın məlumatına görə, yığıncaqda ATF-nın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov, Nəzarət-Təftiş komissiyasının sədri Vüqar Məmmədov, həmçinin milli komandaların məşqçilər korpusu iştirak ediblər. 

Avropa birinciliyindən söz açan N. Səfərov taekvondoçuların çıxışından razı qaldığını deyib: "Sevindirici haldır ki, bölgələrimizdən olan idmançılarımız da nəticə verib. Bu, taekvondonun nəinki Bakıda, hətta respublikanın digər rayon və şəhərlərində inkişaf etməsinin bariz nümunəsidir. Sizlər ilk addımlarınızı uğurla atdınız və ümidvarıq ki, gələcək yarışlarda da öz nailiyyətlərinizlə bizləri sevindirəcəksiniz. Hər birinizi, həm milli komandanın məşqçi heyətini, həm də şəxsi məşqçi-müəllimləri təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayıram."

Digər çıxış edənlərdən H. Məmmədov, N. Paşayev və V. Məmmədov yığma üzvlərini təbrik edərək, onlara uğurlarının davamlı olmasını arzulayıblar.

Gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçilər Zahid Məmmədov, yeniyetmələrin böyük məşqçi Sənan Həşimov, məşqçi-müəllimlərdən Rəşad Məmmədov və Vüqar Kərimov yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar. Onlar qarşıdakı yarışlarda daha da yaxşı nəticələr göstərməyə çalışacağını deyiblər.

Sonda idmançılara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Avropa birinciliyində yeniyetmə taekvondoçularımızdan Zemfira Həsənzadə (29 kq) və Pünhan Mürsəlov (41 kq) gümüş, Şamil Mirzəyev (33 kq) bürünc medala sahib olub. Gənclərdən ibarət yığmamızın heyətində isə Səyyad Dadaşov (51 kq), Cavab Ağayev (68 kq) və Taleh Süleymanov (78 kq) üçüncü yeri tutublar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date