Xalq yazıçısı İsa Hüseynov: “80 yaşdan yekun iyi gəlir” - FOTOSESSİYA

Xalq yazıçısı İsa Hüseynov: “80 yaşdan yekun iyi gəlir” - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 11 iyun 2008 08:34 (UTC +04:00)
- Muğanna üçün 80 yaş nə deməkdir, yazıçını bu yaşda daha çox hansı məsələlər düşündürür?
- Bu yaşdan yekun iyi gəlir. Amma səksən, bir növ yekun yaşı olsa da, bütün insanlar kimi mən də yaşamaq, işləmək istəyirəm. Yaradıcılığımın son dövrünün məhsulu indiyə qədər gördüyüm işlərin içində ən xeyirlisidir. Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm. Ən məhsuldar dövrüm təxminən 60-cı illərdən başlayır, o dövrdə 5-6 povest yazmışam. Bunlar Azərbaycanın kənd-şəhər həyatını əhatə edən bir növ populyar əsərlərdir. “Məhşər” romanından sonra isə yaradıcılığımın II dövrü başlayır. Sonra “İdeal”, “Qəbiristan”, “Gürün”, “Cəhənnəm” romanları gəlir. Bunlar tamam fərqlidir, elə bil ki, tamam başqa yazıçının əsərləridir. Bu da qədim türk dili olan OdƏr dili, SafAğ elmi ilə əlaqədardır.
- OdƏr dili və SafAğ elminin sadə izahı necədir?
- Bu dilin nə olduğunu indiyə qədər bilən olmayıb. Rus alimləri yazıblar ki, bu, qədim türk dilidir və hecalardan ibarətdir. Halbuki, OdƏr dilində hər bir söz söz birləşməsindən əmələ gəlir. Yəni, hər sözün tərkibində 5-6 söz birləşir və hamısı da böyük hərflə yazılır. Məsələn, sizə bir planetin adını deyim: OdAğÜzBağOdƏr planeti latın dilində Yupiterdir. Yerdə həyat təhrif olunandan sonra bu planetin də adı dəyişib Yupiter olub. Yupiterin mənası anlaşılmır, amma odərcə mənası belədir: “od” həqiqət , “a𔝠işıqdır, yəni tərtəmiz işıq mənasındadır. Yerdə bu adın dəyişməyinin səbəbini izah etmək üçün gərək Yerin tarixinə bir qədər səyahət edəsən. Yer planetinin 3 tarixi var, biri 50 min illik irəli salınan tarix, biri 50 min illik geri salınan tarix və yeni tarix. Birinci dəfə işıq gəmilərində Yerə GurAğ adında ordu göndərilib, sonralar adı dəyişilib qrek olub. Onlar işıq silahları ilə Yer planetində heyvanatı qırmaq, bəzilərinin kökünü kəsmək, Yerdə insan həyatı üçün şərait yaratmağa gəliblər. Sonra Yerə qədim türklər - OdƏrlər gəliblər. Onların da başında insanları bir-birinə bağlayan bağlar gəliblər - təhrifi “boq”dur. Bir bağ (boq) olmayıb. Qalaktikanın ən böyük planetində OdAğÜzdə Bağ Ata oturub. Onun 4 oğlu məlumdur. Bu oğullar odərlərlə bir yerdə Yerə gəliblər. I oğlu ƏsƏlMən - mənim yaradan oğlum mənasındadır, ona yerdə Urubağ deyilib. Onun başçılığı ilə 11 bağ işlərini görüb qurtarandan sonra işıq silahlarını qreklərdən alıblar. Buna görə də qreklərdə bağlara qarşı narazılıq yaranıb və müharibələr başlayıb.
- Yerin ilk sivilizasiyası niyə məhv olub?
- İlk sivilizasiya çox yüksək imiş və orda SafAğ insanlar, yəni ölümsüz insanlar yaşayırmış. Yerdəki aramsız müharibələr odərlərə, qreklərə, onlarla birgə gələn latınlara təsir edib. Odərlərin kökünü kəsmək, dillərini məhv etmək istəyiblər. Nəticədə onlar bizim Midiya dediyimiz Bağudey - mənası Uca həqiqət bağı deməkdir - ölkəsini tərk edib perik düşüblər. Sonralar farslar onlara tərik düşənlər, tərikanlar deyiblər. Türk adı burdan gəlir. Eynən indiki kimi, Atom parçalanıb, buxarlanma baş verib, yağışlar başlayıb, Yeri su basıb. Bağlar görüblər ki, irəliyə yer yoxdur, ona görə tarixi geri sayıblar. Biz I Dünya müharibəsi deyəndə 1914-1918-ci illəri nəzərdə tuturuq. Halbuki, 604-cü illə 802-ci il arasında 200 il davam edən müharibə olub. Nəticədə, odərlər vətənlərini itiriblər. Sonra müxtəlif ölkələr, millətlər yaranıb. “Azərbaycan” sözü təhrif olunmuş addır. Qrekin “Atropaten” sözündən “Azərbaycan” sözü yaradılıb. “Azər” - az işıq, “baycan” sözünün mənasını başa düşmək üçün bayquşun adını xatırlamaq kifayətdir. Bu fikirlərimi Azərbaycan alimləri də qəbul edirlər.
- Yaradıcılığınızın II dövründə yazdıqlarınızın, başqa sözlə, Muğannanın əsərlərinin məqsədi nədir?
- Bu əsərlərin məğzində bəşəriyyətin taleyi dayanır. Onları xarici dillərə tərcümə eləmək çox çətindir. Tərcümə üçün gərək ən modern, postmodernist, hər iki dili yaxşı bilən, OdƏr dilinə də az-çox bələd olan tərcüməçilər olsun. Belə tərcümələr olmayınca, belə əsərlərin Yer planetində yayılması çətindir. Amma indi-indi əsərlərimi təhlil etməyə başlayıblar. İndiyə qədər susurdular.
- Bu romanlar ədəbi mühitdə bir növ çaşqınlıqla qarşılandı, bəs alimlərin bu əsərlərə münasibəti necə idi, Sizinlə görüşmək, danışmaq istəyənlər oldumu?
- Heç kim dinmirdi, alimlər də susurdular, ədəbiyyatşünaslar da... Mən qədim tarixlə maraqlanmağa başlayanda oxuduğum min bir kitabdan əlavə, planetdən səslər eşitdim. Bu, OdAğÜz planetindən gələn səslər idi. Yer tarixinin tamam təhrif olunduğunu gördüm. İsos Xristosun adı da təhrifdir, onun adı türkcədir, Eysar - uca hökmdar deməkdir. Onun qardaşlarının adları da təhrif olunub. Bağ Atanın birinci oğlu ƏsƏlManın adı dəyişib Süleyman olub. İkinci oğlunun adı ÜnEy - mənası Uca səs deməkdir - təhriflə Nuh olub. Üçüncü oğlu Erəlim - Elm işığı deməkdir - təhriflə İbrahimdir. OdƏr dili proqram dilidir, yaradıcı dildir. Bu yaradıcı dil dəyişdikcə yerdə həyat da dəyişir, təhrif olunur. OdƏr dili ün şəkilində, Günəş işığında Yerə göndərilir. Yerdə müəyyən adamlar bu səsi eşidib yayırlar və Yerdə yaradıcılıq işləri, əkin-biçin başlayır.
- Siz bu dili bilirsiniz?
- Mən bu səsləri eşidirəm, bu dili də mənə öyrədirlər.
- Məqsəd nədir?
- Yerdə, birinci sivilizasiyanı təkrar qurmaq istəyirlər. OdƏr dili bütün planetlərdə danışılır. Bütün planetləri Bağlar idarə edirlər.
- Sizcə, qalaktikada necə planet var?
- Bu gün qalaktikada 9 planet var, 10-cusu Günəşdir. Günəş milyonlarla kilometr uzanan metaldır. Bu metal EyOdƏr planetinin atmosferindən enerji alır və planetlərə soyuq enerji buraxır. SafAğ işığı Merkuri planetinə toxunanda istilənir, sonra torpağa toxunanda daha çox istilənir və yaradıcılıq xüsusiyyəti yaranır. Onu da Bağlar proqramlarla insanların beyninə yönəldirlər və yaradıcılıq belə başlayır. İnsanların xəstəlikləri də OdƏr dilini bilməməkdən irəli gəlir. Bütün bitkilərin hamısının adı DərMəndir. Onlarla insanların xəstəlikləri müalicə olunur və əbədi həyat yaranır. SafAğ elmini yaymaqda məqsəd əbədi həyatı qaytarmaqdır. Əbədi həyat bütün planetlərdə var, amma doğuluş yoxdur. Bircə Yer planetində doğuluş var. SafAğ elmi hakim olduqdan sonra burda da doğuluş tədricən azalacaq. Kənddə bir uşaq doğulanda bütün kənd toy-bayram edəcək. Kainat sonsuzdur. Biz Günəş sistemini tanıyırıq, başqa sistemləri tanımırıq. O planetlərdə işıq o qədər güclüdür ki, işıq zülmət yaradır. Oradakılar da çox gur bir işıqda yaşayırlar. Bizim planetdə həyat o gur işıqdan gələn insanlarla başlayıb.
- Onda belə demək olarmı, İsa Hüseynov bizim dünyamızın yazıçısı, Muğanna isə başqa, naməlum dünyanın mirzəsidir, bir növ diqtələri yazıya alan adamdır?
- Tamamilə doğrudur. İsa Hüseynov Yer yazıçısıdır. Amma “Məhşər”lə başlayan və ondan sonra yazılanların məqsədi, yolu başqadır. Muğanna adı da təsadüfü deyil, bu adı mənə veriblər, bizim muğlar deməkdir. ƏsƏlMənin muğlar nəslidir. Muğları axırıncı dəfə bizim Muğana düşürüblər. Onlar ilk dəfə bizim tarixin 950-ci ilində Azərbaycana gəliblər.
- Necə bilirsiniz, Qarabağın xilasına hələ çox qalıb?
- Yox, lap az qalıb. Böyük dövlətlər tarixi ləngitmək istəyirlər, amma azərbaycanlılar lap yaxın vaxtlarda Qarabağa rahat gedib-gələ biləcəklər. Burda bir məsələ var, ermənilər də eyni qayda ilə sərbəst şəkildə Azərbaycana, Bakıya gəlib-gedəcəklər. Bax, bu məsələdən yaman narahatam.
- Bəs dünyanı nə gözləyir?
- Çox yeri su basacaq, amma Azərbaycana təhlükə yoxdur. Xəzərin sahilləri təhlükəli olacaq. Sudan bir az aralı olmaq lazımdır...
- Bu dünyadan köçənlərin başqa dünyada yaşaması həqiqətdir?
- Bu dünyadan köçənlərin yalnız 4 faizi Aya gedir, qalanları əbədi həyata qovuşurlar. Ömür boyu yaxşı iş görməyənlərə Ayda elədikləri bir-bir başa salınır, bir növ onlara dərs keçilir, günahlarını başa düşdükcə onlar da ölümsüzləşirlər. Biz Yerin üstündə yaşayırıq, Ayın isə içində həyat var. Bu, eynən Yerdə olduğu kimi bir həyatdır, dağları, bulaqları, ağacları var...
- Bu qeyri-adi informasiyalar daha çox kimlərə verilir, bu adamlar hansı prinsiplə seçilir?
- İnsan ana bətnində olanda onun taleyi artıq müəyyənləşir. Təzə doğulan körpənin qədim dövrdən başlayaraq gələn irsiyyəti Bağlara məlumdur. Onlar insanları irsən tanıyırlar. Məsələn, hansı şairin hansı irsdən olması və kimə bağlı olduğu onlara məlumdur. Onların qaydalarına görə, insanlara təsir ola bilər, amma təzyiq yolverilməzdir.
- Sizin yaradıcılığınız yeni bir Azərbaycan ədəbiyyatının yaranmasına təkan verib. Bəs Sizin ədəbi taleyinizdə kimlərin əvəzsiz rolu olub?
- Xalq yazıçısı Mehdi Hüseynin mənim taleyimdə böyük rolu olub. Yaradıcılığımın II dövrü başlayanda ədəbi ictimaiyyətdə mənə qarşı hücumlar başladı, məni sovet həqiqətini təhrif etməkdə, qara boyalarla işləməkdə təqsirləndirirdilər. Bizim Mərkəzi Komitədə Yazıçılar Birliyinin nümayəndələrinin iştirakı ilə müşavirə çağırıldı. Yazıçılar Birliyinin 45 nəfərdən ibarət partiya üzvü o müşavirədə iştirak etdi. 45 nəfərdən 43-ü əleyhimə danışdı. Mehdi Hüseyni təqsirləndirdilər ki, öz qohumu, eloğlusu İsa Hüseynovu kollektivə qarşı qoyur. İş o yerə çatdı ki, mənim partiyadan çıxarılıb AYB-dən qovulmağım heç kimdə şübhə yaratmadı. Mirzə İbrahimov çıxış edib dedi ki, nə istəyirsiniz ondan, İsa romanı ürəyinin qanı ilə yazıb, həqiqəti yazıb. Hamının gözlədiyinin əksi baş verdi. Mirzə İbrahimov o vaxt böyük nüfuz sahibi olmaqla yanaşı, yüksək dövlət vəzifəsi daşıyırdı. Onun bu sözü mənim taleyimdə böyük bir dönüş oldu. Amma mən tək deyildim, məndən sonra ədəbiyyata gələn Anar, Elçin, Mövlud Süleymaynlı ədəbiyyata yeni hekayələr, povestlər yazırdılar. Onda mən “Azərbaycan” jurnalından işləyirdim və nəsrə baxırdım. Bu əsərlər mənim əlimdən gəlib keçirdi. İndi özlərinin etiraf etdikləri kimi, onların ədəbi talelərində də mənim böyük rolum olub. Amma mənim taleyimdə mərhum prezident Heydər Əliyevin böyük xidməti var. O, “Məhşər”i yüksək qiymətləndirən, məni təsdiq edən dövlət xadimlərindən birincisi olub.
- Xalq yazıçısı Elçin APA-ya müsahibəsində bildirib ki, əgər ilk povestləri dünya dillərində tərcümə olunsaydı, indi İsa Hüseynov Çingiz Aytmatovdan daha məşhur yazıçı olardı. Bu povestlərinizin dünya dillərinə tərcüməsi niyə baş tutmayıb?
- Bu povestləri yazandan sonra uzun müddət rus dilində yaxşı tərcüməsi axtardım. Axırda birini tapdım, bir xeyli də tərcümə olundu... Sonra baxdım ki, təhrif olunuram, əsərlərimin bir növ suyunun suyu tərcümədə görünür. Ona görə “Məşhər”i özüm diqtə elədim, tərcüməçi redaktə elədi. Gördüm ki, özüm də özümü təhrif etmişəm.
- Müasirləriniz Sizi Nobel mükafatına layiq olan Azərbaycan yazıçısı hesab edir, bu mükafata münasibətiniz necədir?
- Yerdə SafAğ elminin inkişafına qədər belə Nobel mükafatlarının seçilməsi, verilməsi mənasızdır.
- Saz çala bilirsiniz?
- Vaxtilə 73 saz havasını hamısını ifa etmişəm, xəstələnəndən sonra havaları unutdum. Bu yaxınlarda həyat yoldaşım Firuzə Ağstafadan mənə təzə saz alıb gətirib. Əlimə aldım, birdən-birə ən sevdiyim havanı çalmağa başladım. Ünlə mənə deyildi ki, sənin yaddaşın bərpa olunur. İndi bəzi havaları çalıram.
- Bugünkü ədəbi prosesi necə qiymətləndirirsiniz?
- Anarın “Ağ qoç, qara qo甝 əsəri çox yüksək səviyyədə yazılıb. Elçinin “Ölüm hökmü” romanı, Əkrəmin, Mövludun povestləri dəyərlidir. Ümumən, küll halında götürəndə isə demokratiyanın inkişafı, söz azadlığı ədəbiyyatımızda mənfi hallara gətirib çıxarır. Kapitalizm sistemi, bazar iqtisadiyyatı Azərbaycanda ədəbiyyatın xeyrinə deyil, çünki yaxşı yazıçılar əsərlərini çap etdirməyə pul tapmırlar. Söz azadlığı hədsiz dərəcədə aşağı səviyyəli yazıçılar, şairlər yaradır, onları ədəbiyyata gətirir. Onların əsərləri adi belletristika səviyyəsində deyil. Ədəbiyyatımıza olan güclü boz-bulanıq axın məni qorxudur. Bu axın ədəbiyyatı süquta aparır. Əgər bədii ədəbiyyatın nəşri dövlətin və ayrı-ayrı bədii şuraların ixtiyarında olsa, onda əsərlərin bədii siqlətinə fikir verilər. Bu meyar yaranmayınca, belə qarışıq mərhələ davam edəcək.
- Əksər yazıçılar bütün qəhrəmanlarını yenidən bir yerə toplamağa çalışırlar. Belə bir arzunuz varmı?
- Mənim də qəhrəmanlarım əsərdən-əsərə adlayıb. Görünür, bu da bağların işidir. Əslində, yaxşı yazıçılar da müəyyən səsləri eşidirlər. Onlar hərfi mənada eşitmirlər, bir çox yaradıcının beyninə informasiyalar səssiz gəlir, özlərinin xəbəri olmur. Məsələn, Bəxtiyar Vahabzadənin xəbəri yoxdur ki, o, ünlə yazır.
- Həmkarlarınızdan Sizə baş çəkənlər olurmu?
- Yox. Adam darıxır, son vaxtlar gözüm də çox zəifləyib, mütaliə edə bilmirəm. Əlbəttə, həmkarlarımın gəlib-getməyi yaxşı olardı, ədəbi prosesdə baş verənlərdən bir az da yaxından xəbər tutardım. Amma daha çox elm adamının söhbətlərini, əsərlərimlə bağlı elmi təhlilləri eşitmək istəyirəm.
- Hansı arzunuz var?
- Mənim yeganə arzum budur ki, dövlət quruluşunda demokratiyanın inkişafı ilə bərabər qanunauyğun bir şəkildə yoxlama, idarəetmə, izləmə başlanılsın. Bu ədəbiyyatda və elmdə həyata keçirilsin. Bu nəzarət olmalı, məqsədyönlü istiqamətdə inkişaf etməli və ümumbəşəriyyətə xidmət göstərməlidir ki, Yer üzündə qlobal birləşmə olsun. Belə qloballaşma və birləşmə bağların arzusudur...














#
#

ƏMƏLİYYAT İCRA OLUNUR