“Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatı keçirilib - FOTO

Nizami Gəncəvi. Xəmsə

© APA | Nizami Gəncəvi. Xəmsə

# 27 dekabr 2021 18:28 (UTC +04:00)

Bu gün Milli Kitabxanada Mədəniyyət Nazirliyinin sifarişi əsasında ölkəmizdə ilk dəfə yayımlanacaq Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında çəkilmiş qədim miniatürləri özündə əks etdirən “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət adamları, tanınmış elm və ədəbiyyat xadimləri iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında bildirib ki, ölkəmizdə və ondan kənarda Azərbaycanın dahi şairi Nizaminin yubileyi qeyd olunub. O qeyd edib ki, bu tədbirlərin keçirilməsi Nizami yaradıcılığına göstərilən diqqətin nümunəsidir.

Mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvi İli”ndə görülən işlər haqqında məlumat verib. Onun sözlərinə görə, “Nizami Gəncəvi İli”nin bitməsinə baxmayaraq, bundan sonra da bu tədbirlər davam edəcək: “Bu gün bizim üçün əlamətdar gündür. Biz artıq “Nizami Gəncəvi İli”ni yekunlaşdırırıq. Bildiyiniz kimi, bu il cənab Prezident tərəfindən “Nizami Gəncəvi İli” elan edilmişdi. Biz il ərzində Nizamiyə həsr olunan müxtəlif tədbirlər keçirmişik. Bir məsələni xüsusi olaraq vurğulamaq istərdim ki, belə şəxsiyyətlərə dövlətimizin xüsusi diqqəti heç də təsadüfi deyil. Biz belə dahi şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Bu il Nizamı Gəncəvi festivalı keçirildi. Ən vacib tədbir isə Nizami Gəncəviyə həsr olunan forum oldu.

Həmin forumda şairin təkcə region yox, həm də bütün dünya üçün nə qədər əhəmiyyətli bir şəxsiyyət olduğu haqqında danışıldı. Bundan savayı, bu il ərzində Nizami yaradıcılığına həsr olunan müxtəlif sərgilər keçirilib, filmlər və serial çəkilib. Məsələn, İctimai Televiziyada yayımlanan "Xosrov və Şirin" serialı buna nümunədir. Həmçinin gələn il şairin “Leyli və Məcnun” poemasının motivləri əsasında çəkilən film təqdim olunacaq. İnanıram ki, bu kitab da sizin xoşunuza gələcək. Çünki bu kitab Nizamiyə yeni bir baxışdır”.

Millət vəkili Qənirə Paşayeva deyib ki, Nizami yaradıcılığına həmişə ehtiyac var.

Sonra qonaqlar Milli Kitabxananın sərgi zalında nümayiş olunan kitablardan ibarət sərgi ilə tanış olublar.

Qeyd edək ki, kitab "Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi-mədəni irsinin tədqiqi və təbliği məqsədilə nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR