"Ulduz" jurnalının 55 yaşı tamam olur

"Ulduz" jurnalının 55 yaşı tamam olur
# 07 oktyabr 2022 14:18 (UTC +04:00)

"Ulduz" jurnalının sentyabr-oktyabr sayı işıq üzü görüb.

APA xəbər verir ki, 55 illik yubileyini qeyd edən jurnal bu sayını ötən illərdə səhifələrində dərc edilmiş seçmə yazılara həsr edib.

Tarixində ilk dəfə böyük həcmdə və fərqli formatda nəşr edilmiş xüsusi nömrənin ideya müəllifi jurnalın baş redaktoru Qulu Ağsəsdir.

Dərgi filologiya elmləri doktoru Abid Tahirlinin "Ulduzlar: parlayan, sayrışan və... sönənlər" başlıqlı yazısı ilə açılır. Yazıda mətbuatımızın, eləcə də 55 illik şərəfli və layiqli yol keçmiş "Ulduz"un tarixinə nəzər salınır, dərginin hazırda həyata keçirdiyi və perspektiv layihələrindən söhbət açılır.

Dərc edilmiş yazılara gəlincə, ilk öncə 1967-ci ilin fevral sayından unudulmaz yazıçı Mir Cəlalın "Abadlıq", 1973-cü ilin dekabr sayından Xalq yazıçısı İsmayıl Şıxlının "Mənim rəqibim", 1990-cı ilin fevral sayından Afaq Məsudun "Qəza" hekayələri diqqəti cəlb edir. Nurəddin Babayevin 1971-ci ilin noyabr sayında dərc edilmiş "Qızlar, sözüm sizədir" yazısının əsasını müəllifə yazılmış iki məktub və dövrün gəncliyi haqda yazıçı mülahizələri təşkil edir.

1971-ci ilin dekabr sayında yer almış "Ustad" məqaləsi Xalq şairi Osman Sarıvəllinin Aşıq Ələsgərin 150 illik yubileyi haqda təəssüratlarını, korifey bəstəkarımız Qara Qarayevin 1975-ci ilin dekabr sayında dərc edilmiş "Üzeyir Hacıbəyov haqqında söz" sərlöhvəli yazısı isə böyük bəstəkarın anadan olmasının 90 illiyi ilə əlaqadər düşüncələrini özündə ehtiva edir. Eləcə də teatrşünas və jurnalist Qulam Məmmədlinin 1981-ci ilin iyun sayında dərc edilmiş "Gənclərin "Molla Nəsrəddin" müəllimi" məqaləsi eyniadlı jurnalın 75 illiyinə həsr edilib. Habelə Firudin Şuşinskinin uzaq 1977-ci ilin oktyabr sayında işıq üzü görmüş "Qarabağın "Şur"u" adlı yazısı "Şur" ansamblının keçdiyi 25 illik tarixinə işıq tutur. 1978-ci ilin iyul sayında Dilbər Axundzadə ömür-gün yoldaşı Mikayıl Müşfiqi "Müşfiqli günlərim" deyə xatırlayır. Yazıçı Elçin Əfəndiyev 1982-ci ilin aprel sayında "Azərbaycan uşaq ədəbiyyatı haqqında düşüncələr" tənqidi məqaləsi ilə ədəbiyyatşünaslığın bu sahəsinin tarixinə nəzər salır, təhlillər aparılır və inkişaf yolları axtarılır.

Yazıçı Anarın 1985-ci ilin avqust sayında təqdim edilmiş "Qarabağ şikəstəsi" reportaj-yazısı müəllifin Ağdama, Şuşaya, Laçına səfəri ilə bağlı təəssüratları ilə çərçivələnmir, maraq kəsb edən bir sıra tarixi məqamlara aydınlıq gətirir. Şair Qabilin "Fayton", Musa Yaqubun "Nazim həsrəti", Seyran Səxavətin "Duman və nənəm", Aşıq Şəmşirin "Ulduz"un qonağıyam", Ramiz Əliyevin "Bakı-Ağdam", Nüsrət Kəsəmənlinin "Anama", Əli Kərimin "Nə xoşbəxt imişəm bir zaman", Vahid Əzizin "Lövhələr", Xəli Rzanın "Kişi əlləri", Zəlimxan Yaqubovun (Yaqub) "Üç telli durna", Məmməd Arazın "İlhamım", Dilsuzun "Sevdiyim şairə məktub" , Eldar Baxışın "Davalı günlərin gözləri acdı", Şamxal Rüstəmin "Bircə biləydim məni kimin qarğışı tutdu", Adil Cəmilin "Bu yoxuşu çıxasıyam", Paşa Əlioğlunun "Naxçıvanda dağlar, buludlar, torpaq və ağaclar", Oqtay Rzanın "Səs", Məmməd İsmayılın "Bir adam yol gedir məndən qabaqda", Akif Səmədin "Sən Arazdan keçəmməzsən", Bəxtiyar Vahabzadənin "Qorxu" kimi yaddaqalan poeziya nümunələri jurnalın 67-80-cı illər aralığında, fərqli saylarında dərc edilib. "Ulduz"un redaktorlarından" bölməsində isə müxtəlif zamanlarda jurnala rəhbərlik etmiş Yasif Nəsirlinin (1967-1968), Cabir Novruzun (1968-1972), Akif Hüseynovun (1972-1973), Əhməd Cəmilin (1973-1976), Yusif Səmədoğlunun (1976-1987), Abbas Abdullanın(1987-1992), Ələkbər Salahzadənin (1992-2004), Elçin Hüseynbəylinin (2004-2014) və hazırkı baş redaktor Qulu Ağsəsin müvafiq olaraq şeir, hekayə və publisistik yazıları təqdim edilib.

"Dərgidə kitab" rubrikasında Əflatun Amaşovun "Qoşa Qarın adamları və şeytanları" romanı yer alıb. Qeyd edək ki, romanın ilk hissəsi bundan əvvəl dərginin yanvar sayında, "Qanıq Hasan, bir də Qaragöz" adı altında dərc edilmişdi. "Ulduz"un xüsusi nömrəsi jurnalın veteran əməkdaşı Ədalət Həsənin rəsmlərindən ibarət "Dərgidə sərgi" ilə tamamlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR