AFFA Region Liqasındakı biabırçılığa aydınlıq gətirib: "Oyun bitməyib"

AFFA Region Liqasındakı biabırçılığa aydınlıq gətirib: "Oyun bitməyib"
# 07 fevral 2022 12:03 (UTC +04:00)

“Hadisədən sonra oyunun baş hakimi ilə “Qoşqar UGİM” komandasının baş məşqçisi və bütün nümayəndələri ilə danışdıq. Özlərinə bəraət qazandırmağa çalışdılar”.

Bunu apasport.az saytına açıqlamasında Region Liqasının kuratoru Yusif Vəliyev Şimal-Qərb regionu üzrə X turun “Karvan” – “Qoşqar UGİM” oyununda qonaq komandanın sona yaxın meydanı tərk etməsinə aydınlıq gətirərkən deyib.

Region Liqasının feysbuk səhifəsində matçdan dərhal sonra “Karvan”ın “Qoşqar UGİM”i 2:1 hesabı ilə məğlub edərək, II dövrəyə qələbə ilə başladığı yazılıb. Eyni zamanda “Karvan”ın baş məşqçisi Kənan Kərimov da baş hakimin görüşü başa vurduğunu bildirib. Lakin Yusif Vəliyev oyunun yarımçıq dayandırıldığını deyib: “Xeyr, oyun bitmədi. Hadisə 90+2-ci dəqiqədə baş verib və hakim də son fiti çalmayıb”.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri vəzifəsini də icra edən Vəliyev “Qoşqar UGİM”ə texniki məğlubiyyət veriləcəyini gizlətməyib: “İstənilən komandanın hakimlikdən narazılığı ola bilər. Amma qanun çərçivəsində. “Qoşqar UGİM”in baş məşqçisi bildirdi ki, meydandan çıxmaq istəmirdilər, bir neçə futbolçu bununla razılaşmadı. Təbii ki, bunun heç bir əsası yoxdur. Bu səbəbdən məsələ birbaşa İntizam Komitəsinə veriləcək. Bu cür situasiyalarda İntizam Komitəsi texniki məğlubiyyət cəzasını verir. Qonaq komanda, onsuz da, uduzub. Sadəcə, hesab məsələsi var. Bu hal təkrarlanarsa, “Qoşqar UGİM” növbəti üç mövsüm çempionatda iştirak etməyə bilər”.

Vəliyev Region Liqasında bu kimi biabırçı hadisələrin yaşanmasını normal hesab edir: “AFFA tərəfindən müvafiq təşkilati işlər görülür. Region Liqasında hər şeyin maksimum dərəcədə qayda-qanun çərçivəsində təşkilinə çalışırıq. İstər təşkilati, istər təhlükəsizlik, istərsə də digər baxımdan hər şey yüksək səviyyədə aparılır. Ancaq nəzərə alaq ki, Region Liqasının bütün iştirakçıları həvəskar komandadır. Sadəcə, bəziləri işə qeyri-peşəkar yanaşır. Bunu tamamilə aradan qaldırmaq mümkün deyil. Çünki həvəskar komandalardır. Sadəcə, “Karvan” – “Qoşqar UGİM” oyununda baş verən hadisənin başqa matçlarda təkrarlanmaması üçün sərt qərarlar verilir”.

Qeyd edək ki, Yevlaxda keçirilən görüşün 90+2-ci dəqiqəsində “Karvan” 2:1 öndə olarkən “Qoşqar UGİM”in qapısına penalti təyin olunub. Buna etiraz əlaməti olaraq qonaqlar meydanı tərk ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR