"Neftçi"nin kapitanı: "Təklif gəlsə, düşünərəm"

"Neftçi"nin kapitanı: "Təklif gəlsə, düşünərəm"
  • Clock-gray 15:48
  • calendar-gray 20 İyul 2019

“İlk növbədə öz klub karyeramı düşünürdüm. Legioner kimi Premyer Liqada oynamaq demək olar mümkünsüz idi”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində deyib.

O, futbol vətəndaşlığını dəyişib Azərbaycan yığmasında oynamağa başlamasının Portuqaliya “Boavişta”sına keçməklə eyni vaxta təsadüf etməsinə aydınlıq gətirib: “Gedəndə başa düşdüm ki, artıq yığmada oynamaq vaxtıdır. Azərbaycandan çox zəng edib çağırırdılar. Fikrimdən daşındırmağa çalışan da olmadı. 18 yaşında “Spartak”a yeni keçəndən gəlib Azərbaycan yığmasında oynamağa çağırırdılar”.

E.Mahmudov yenidən Rusiya klubunda oynamaq variantı barədə də danışıb: “İndi bütün fikirlərim “Neftçi” ilə bağlıdır. Təklif gəlsə, düşünərəm. Amma indi danışılası bir şey yoxdur. Son illər FNL-dan hansısa variantlar var idi. Amma burda Azərbaycan futbolunun liderində, avrokuboklarda oynamaq daha yaxşıdır”.

Yarımmüdafiəçi millimizin AVRO-2020-nin seçmə mərhələsində çox güclü qrupa düşməsi və start barədə fikirlərini bildirib: “Biz dərhal başa düşdük ki, çox ağır olacaq. Xorvatiya ümumiyyətlə heç bir təəssürat oyatmadı. Meydanda gəzirdilər. Slovakiya daha çox diqqətimizi çəkdi. İlk dəfə görürəm ki, hərəkət, ötürmələrlə bizə qarşı belə oynayırlar. Hamşik sadəcə top oyunçudur. Sonradan futbolçularla zarafatlaşırdıq ki, ona belə tapşırıq verilib ki, topa iki dəfədən artıq toxunmadan ötürmə versin. Superfutbolçu bizə qarşı Modriçdən də yaxşı oynadı”.

Futbolçu legionerlərin milliləşməsinə münasibət, həmçinin Eddi İsrafilov haqda sualı da cavablandırıb: “Hər yerdə olduğu kimi fikirlər fərqlidir. Əgər oyunçu öz mövqeyində daha güclüdürsə və milliyə kömək edirsə, heç kim narazı qalmır. Bizdə bir braziliyalı – Riçard Almeyda var. Amma o, Azərbaycanda beş ildən çox yaşayıb və artıq digərləri kimi vətəndaş olub. Eddinin anası azərbaycanlıdır. Baxmayaraq ki, o, ömrü böyü İspaniyada yaşayıb və indi orda da yaşayır. Bu üzdən də tam milliləşmiş sayıla bilməz”.

E.Mahmudov Avropanın futbol mərkəzlərindən birinə çevrilən Bakını AVRO-2020-yə hazır sayır: “Daim yeni nə isə tikilir. Amma turistlər üçün hər şey hazırdır. Bütün infrastruktur, görməli yerlər, restoranlar var. Axı burda böyük turnirlər keçirilib”.

Yarımmüdafiəçi Avropa Liqasının Bakıdakı finalı və “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın oyuna gəlməkdən imtinası barədə fikirlərini bildirib: “Finalı Azərbaycan millisi ilə birlikdə izlədim. Məncə, yeganə problem qaçış zolaqlarıdır. Amma bununla “Lujniki”dən Romaya qədər bütün Olimpiya stadionlarında üzləşirlər. Ola bilər İngiltərədən olan azarkeşlərə bizə gəlmək çətin idi. Amma finala “Ayntraxt” çıxsaydı, əminəm ki, daha çox azarkeş olardı. Biz AVRO-2020-nin seçmə mərhələsində Macarıstana oynayanda çox sayda qonaqlar gəlmişdi. Düzünü desəm, insanlar üçün Mxitaryanın gəlib-gəlməməsinin fərqi yoxdur. Onun gəlməməsi müzakirə olunmadı. Daha artığını deyim. Həmin vaxt – mayın sonunda Bakıda beynəlxalq turnir keçirilirdi. Ora erməni oğlan və qız idmançılar gəlmişdilər. Hər şey sakit keçdi. Əminəm ki, Mxitaryanla da belə olardı. “Arsenal”ın bütün oyunçuları təhlükəsizlikdə olacaqdı. Kim aydın olmayan nəyə görə isə bütün ölkənin nüfuzu ilə risk edərdi ki?”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date