Regekampf: “İlk görüşdən sonra çox adam buna inanmırdı”

Regekampf: “İlk görüşdən sonra çox adam buna inanmırdı”
# 28 iyul 2022 23:28 (UTC +04:00)

“Oyunçularımı təbrik etmək istəyirəm. Həmçinin rəqib futbolçularını da”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubuna qarşı keçirilən cavab oyunu barədə danışarkən deyib.

Larnakadakı məğlubiyyətin (0:2) əvəzini “Bakcell Arena”da artıqlaması ilə çıxan “ağ-qaralar” 3:0 hesablı qələbə ilə növbəti raunda yüksəlib.

Oyunsonrası mətbuat konfransında rumıniyalı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Hər iki komanda mükəmməl oyun göstərdi. Amma çox sevinirəm ki, lazımi qələbə qazanaraq növbəti mərhələyə adladıq. Bizim üçün bu gecə boyu sevinc dolu hisslər olacaq. Bunu qeyd edəcəyik. Amma sabah yenidən işə başlayacağıq. Növbəti mərhələdə bizi “Rapid” kimi çətin rəqib gözləyir. Oyunçularımla danışdım, onları təbrik etdim. Günboyu bu qələbəni qeyd etməliyik. Bir vacib məqamı da deyim. Azarkeşlərimiz bu gün mükəmməl idi. Bütün oyunçularımızın arxasında dayanmışdılar. Mənim üçün bu gün meydanda 12-ci oyunçu idilər. Onlara təşəkkür edirəm”.

- Futbolda qalib mühakimə olunmur. Amma müdafiə xətti ilə bağlı çox müzakirələr var. Növbəti matçlarda da eyni müdafiə sisteminə etibar edəcəksiniz, yoxsa bu, sırf “Aris”ə uyğun qurulmuşdu?
- Komandamın oyunundan razı qaldım, bütün futbolçular mükəmməl çıxış etdilər. Sabahdan növbəti görüşə hazırlaşacağıq. Növbəti matça hansı oyunçularla başlayacağımı bilməyəcəksiniz. Oyunçular hər gün məşqdə canlarını ortaya qoymalıdırlar ki, heyətə düşə bilsinlər. İlk matçdan sonrakı mətbuat konfransında demişdim ki, hələ tam hazır deyilik. Mamadu Mbodj üçün sağ cinah yenidir. Amma çox döyüşkəndir, qaça bilir. Bəzi məqamları gücləndirməlidir. Mən də onun üçün buradayam ki, ona bunları aşılayım. Bu gün Mbodj mükəmməl idi.

- İndidən “Rapid”lə görüşdə də belə döyüşkən komanda izləyəcəyimizə inamınız varmı?
- Fərqli rəqibdir. Amma söz verə bilərəm ki, bugünkü döyüşkən komandanı növbəti matçda da izləyəcəksiniz. Elə hazırlayacağam ki, komanda o səviyyəyə gəlsin. Sabahdan etibarən komandamı qarşıdakı görüşə hazırlaşdıracağam.

- Qələbəyə baxmayaraq, istədiyiniz “Neftçi”ni, komanda ruhunu meydanda gördünüz?
- Yalnız bugünkü oyun haqda danışa bilərəm. Hələ üzərimizdə çox işləməliyik. Amma bugünkü çıxışdan razı qaldım. Futbolçuların üzərində böyük təzyiq var idi. Kiprdən məğlub qayıtmışdıq. Orada ikinci hissənin əvvəllərində heç də yaxşı oynamamışdıq. Bilirəm ki, futbolçularım bundan da yaxşısını bacararlar. Ola bilsin ki, ilk görüşdən sonra çox adam buna inanmırdı. Larnakadakı məğlubiyyətdən sonra paltardəyişmə otağında oyunçulara dedim ki, özünüzə inanın, qələbə qazanaraq mərhələ adlamaq şansımız böyükdür. Bütün futbolçularım bugünkü matça köklənmişdilər. Bu amillər də mənə növbəti oyunlar üçün daha da ümid verir.

- Mbodjun mükəmməl oynadığını dediniz. Bu gün qələbəni qeyd etdikdən sonra onunla səhvləri barədə danışacaqsınız? Üstəlik, komandanız bu gün meydanda çox ağır idi...
- Bağışlayın, amma sizin kimi düşünmürəm. Sizin fikrinizə hörmətlə yanaşıram. Təbii ki, oyunumuzu təhlil edəcəyəm. Sadəcə, komandamı sizin kimi görmədim. Komandada uzun boylu futbolçular var. Ola bilsin ki, buna görə ağır görünürdülər. Sürət elə bir şeydir ki, onu sonradan əldə etmək olmur.

- Hazırkı heyət “Rapid”i keçməyə imkan verəcək? Ümumiyyətlə, transfer çalışmalarınız olacaqmı?
- Kifayət qədər oyunçularımız var. Rəqibi təhlil etməyə hələ konsentrasiya olunmamışam. Bütünlüklə bugünkü görüşə köklənmişdik. Növbəti oyunöncəsi mətbuat konfransında rəqib barədə daha dolğun fikir bildirə bilərəm.

- İlk görüşlə müqayisədə fərqli “Neftçi” gördük. Bir həftə ərzində nəyi dəyişdiniz?
- Birinci oyundan sonra demişdim ki, bu, təsadüf idi. Çünki təlim-məşq toplanışında oyunçularımı tam fərqli görmüşdüm. İlk oyundan mən də sizin kimi narazı idim. Birinci 20 dəqiqədə çoxlu səhvlər elədik. Görürdüm ki, komanda oyuna köklənə bilməmişdi. Həmin dəqiqələrdə “Aris”ə şərait yaratdıq ki, təhlükəli hücumlar qursun və qollar vursun. Hər oyundakı səhvləri oyunçularımla söhbətdə göstərirəm. Onlar da bunlardan nəticə çıxarırlar. Çalışırıq burada ailə quraq. Düşünürəm ki, bu gün xarakter göstərdik.

- Tərcüməçiniz Vüqar Əliyevlə bağlı yaranmış qalmaqal barədə nə deyə bilərsiniz?
- Çox emosional oyun idi. Sonluq olduqca aqressiv keçdi. Hamı gözləyirdi ki, oyun bitsin, növbəti mərhələyə adlayaq. Bu cür hallar baş verməməlidir. Qələbə qazanmışıq, növbəti mərhələyə vəsiqə qazanmışıq. Rəqibə hörmətlə yanaşmalıyıq. Vüqar da cavandır, öyrənməlidir. Əminəm ki, bundan sonra belə hallar baş verməyəcək.

- Kapitanınız Emin Mahmudov 8 nömrə olsa da, hücumçu arxasında oynayır. Məcburiyyətdən onu irəlidə oynadırsınız?
- Emin bizim sistemin aparıcı simasıdır. Onu sırf 10 nömrə kimi oynadırdıq. Mənim üçün o, sərbəst futbolçudur, hücumçu arxasında oynaya bilər. Elə futbolçudur ki, hər oyunda 12-13 km məsafə qət edə bilir. Bu, çox vacibdir. Qol epizodlarında yerində olsa, çatdıra bilsə, əsl 10 nömrə kimi görə bilərik. Emin hazırda mükəmməldir, çox yaxşı oyun göstərir. Orta sahənin hansı mövqeyində istəsən rahatlıqla oynaya bilər. Sezar Meza Kolli zədəlidir. Biz də onun yoxluğunda o boşluğu doldurmalıyıq.

- Azər Əliyev hansı planda uduzur ki, əsas heyətdə şans əldə etmir?
- Onun oynamağa vaxtı olacaq. Bütün futbolçulara şans veriləcək. Növbəti həftələrdə çox oyunlarımız var. Hazır olmalıdırlar, məşq etməlidirlər. Oyunçulara şans verəndə hamısı da eyni səviyyədə olmalıdır.

- Növbəti həftəsonu Premyer Liqa start götürür. Hələ optimallaşmayan “Neftçi” iki cəbhədə mübarizə aparmağa hazırdır? Və əsas rəqibiniz “Qarabağ”ın avrokuboklardakı oyunlarını izləyirsiniz?
- “Qarabağ”ın oyununa baxdım. Onlar mükəmməl oyun göstərdilər. Biz də bu gün eyni səviyyədə oynadıq. Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə olacaq. Bərpa üçün vaxt olmayacaq. Bunun üçün heyətimizdəki bütün oyunçuları hazır vəziyyətə gətirməliyik. Hazırda “Qarabağ”la matçları düşünmürəm. Yalnız növbəti görüşə köklənməliyəm.

- “Rapid”lə oyun üçün intuisiyanız nə deyir?
- Sözün əsl mənasında tarix yazmaq istəmirəm. Tarixi öz sağlamlığımla yazıram. 0:2-dən sonra çevirmək çətin idi. Əminəm ki, “Rapid”lə oyunlar başqa səviyyədə olacaq. Avstriya çempionatı Kiprlə müqayisədə daha güclüdür. Əminliklə deyə bilərəm ki, iki ağır oyun olacaq. Seçdiyimiz taktika hər iki görüşü əhatə etməlidir. “Rapid”in stadionunda atmosfer buradakı kimidir. İnanıram ki, hər iki görüşdə komandam istənilən səviyyədə olacaq.

- Azər Salahlının durumu nə yerdədir?
- Ümid edirəm ki, Azərdə ciddi problem olmayacaq və növbəti oyunda da sərəncamımda olacaq.

- Prezident Kamran Quliyev demişdi ki, transfer fəaliyyəti “Aris”lə oyunun nəticəsindən asılıdır. Hansı mövqeni gücləndirmək istəyirsiniz?
- Vaxt olsa, lazımi oyunçunu tapa bilsək, güclənə bilərik. Mövqe haqda danışmaq istəmirəm. Çünki bunu desəm, qiymət artımı ola bilər. Bu, rəhbərliyini işidir. Onlar bilirlər ki, nələrdən danışırıq. Udsaq da, uduzsaq da, oyunçu tələb etməyəcəyəm. Bu mənim komandamdır. Bu oyunçuların hər biri ilə işləməyə davam edəcəyəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR