Çempionlar Liqasını qazana bilməyən ulduzlar - SİYAHI

Çempionlar Liqasını qazana bilməyən ulduzlar - SİYAHI
# 10 mart 2021 14:59 (UTC +04:00)

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Yuventus”un “Porto” səddinə ilişərək mübarizəni dayandırması bütün diqqətləri Canluici Buffonun üzərinə yönəldib.

Apasport.az saytının məlumatına görə, karyerasında saysız-hesabsız titulları olan 43 yaşlı qolkiperin ən nüfuzlu klub turnirində yenə “gözü yaşlı” qaldı.

Ancaq Buffon karyerası ərzində ÇL-in kubokunu qazanmayan yeganə ulduz futbolçu deyil. Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmayan 16 ulduz futbolçunu təqdim edirik.

Canluici Buffon
Hələ də karyerasını davam etdirən veteran qolkiper karyerasına çox sayda titul sığdırıb. Lakin Çempionlar Liqasında 3 dəfə final iştirakçısı olmasına baxmayaraq, kuboku başı üzərinə qaldırmaq ona nəsib olmayıb. Hələ daha bir il futbol oynayacağını dediyindən, bu siyahıdan çıxmaq üçün son şansı olacaq.

Ronaldo
Bütün dövrlərin ən güclü hücumçularından olan braziliyalının ÇL-i qazana bilməməsi çox təəccüblü görünə bilər. “Yekədiş” Avropanın ən güclü klublarının formasını geyinsə də, nəinki qazana bilmədi, heç Çempionlar Liqasında final həyəcanı yaşamadı.

Zlatan İbrahimoviç
Zlatan da Buffon kimi karyerasını davam etdirir. “İnter”dən ayrıldıqdan cəmi bir il sonra “neradzurra” ÇL-in qalibi oldu. Eyni ssenari “Barselona”da da yaşandı. “Milan”ın növbəti mövsüm turnirdə iştirak şansı yüksək olduğundan, isveçli hələ də ümidini itirməyib.

Françesko Totti
“Roma”nın “kral”ı xarakteri və oyunu ilə İtaliyanın əfsanələri sırasına düşməyi bacarıb. Amma heç vaxt ÇL-in kubokuna heç yaxın olmadı. İstəsəydi, daha güclü klublara keçib, bu istəyini reallaşdıra bilərdi. Amma o, “Roma”nı hər şeydən üstün tutdu.

Erik Kantona
Fransalı forvard Avropanın bir neçə klubunun formasını geyindi, titullar qazandı. Amma həmin kuboklar arasında Çempionlar Liqası olmadı.

Qabriel Batistuta
Bir vaxtlar qolçu deyəndə, ağla gələn ilk adlardan biri Batistuta olardı. Qolçuluq bacarığını ÇL-də də nümayiş etdirib kuboku qazansaydı, karyerası daha şöhrətli olardı.

Roberto Bacco
“Yuventus”, “Milan”, “İnter”... İtaliyanın ən güclü komandalarında oynadı, titullar əldə etdi. Ancaq Çempionlar Liqasında bunu reallaşdıra bilmədi. “Yuventus”da 5 il oynadıqdan sonra “Milan”a keçdi. Onun ayrılığından sonra “qoca sinyora” ardıcıl 3 dəfə finalda iştirak edib, 1-də qalib gəldi.

Dennis Berqkamp
Karyerası ərzində “Ayaks”, “İnter” və “Arsenal” kimi klubların formasını geyindi. Son ilində “topçular”la finalda çıxış etdi. Ancaq həlledici qarşılaşmada “Barselona”ya uduzdular. Berqkamp futbola bir çox kuboklarla “əlvida” dedi, ancaq Çempionlar Liqası əskik qaldı.

Dieqo Maradona
Futbol əfsanəsinin də Çempionlar Liqasında uğuru yoxdur. Argentinalı Avropada “Barselona”, “Napoli” və “Sevilya”da oynasa da, heç biri ilə bu həsrətə son qoya bilmədi.

Rud van Nistelroy
Niderlandlı forvard “Mançester Yunayted” və “Real” kimi nəhənglərin şərəfini qorudu. Ancaq komandaları onunla Çempionlar Liqasında qalib olmadı.

Lilian Türam
Fransalı müdafiəçi “Yuventus”da olarkən finalda oynamaq imkanı qazandı. “Barselona”da kareyrasını bitirdikdən bir il sonra isə kataloniyalılar turnirin qalibi oldu.

Fabio Kannavaro
“Napoli”, “İnter”, “Yuventus”, “Real” kimi klublarla titullar uğrunda yarışsa da, qazandıqları arasında Çempionlar Liqası olmadı.

Pavel Nedved
“Latsio” və “Yuventus”dakı çıxışı ilə məşhurlaşan çexiyalı da ÇL kuboku görməyən ulduzlardandır. “Yuve” ilə bir dəfə buna yaxın oldu, amma final matçından meydanı başıaşağı tərk etdi.

Mixael Ballak
Öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab edilən Ballakın “Bayer”, “Bavariya” və “Çelsi” ilə cəhdləri uğursuz alındı. Bir dəfə “Bayer”, bir dəfə də “Çelsi” ilə finalda uduzdu.

Ernan Krespo
O da ən yaxşı hücumçulardan idi. Avropada qolları ilə müdafiəçilərin qorxulu röyasına çevrildi, amma Çempionlar Liqasında istədiyini qazana bilmədi.

Robin van Persi
Uzun illər İngiltərədə “Arsenal” və “Mançester Yunayted”in formasını geyinən niderlandlı da ÇL kubokunu başı üzərinə qaldıra bilməyənlərdəndir. “Arsenal”da bir dəfə çox yaxın olsa da, finalda “Barselona” buna imkan vermədi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR