Bu şəhərin gəncləri Şah İsmayıl kimi Azərbaycanı birləşdirəcəklərinə inanır - GÜNEY AZƏRBAYCANI TANI

Bu şəhərin gəncləri Şah İsmayıl kimi Azərbaycanı birləşdirəcəklərinə inanır - GÜNEY AZƏRBAYCANI TANI
# 20 aprel 2023 17:10 (UTC +04:00)

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Ərdəbil – Azərbaycanın tarix yaradan şəhəri” məqaləsini təqdim edir.

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Ərdəbil şəhəri Ərdəbil əyalətinin mərkəzi sayılır və bu əyalətin ən böyük, ən sıx məskunlaşmış şəhəridir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Astara, Bicar, Sonqur kimi bəzi Güney Azərbaycan şəhərləri də başqa əyalətlərin tərkib hissəsinə daxil edilib. Ərdəbil şəhəri əslində Ərdəbil rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Səmərin, Arallu, Hir kimi daha kiçik şəhərləri və Şərqi Ərşəq, Balıqlı, Sərdabə, Poladlı, Docaq kimi qəsəbələri ilə əhatə olunub.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Ərdəbil şəhərinin əhalisi 605,992 nəfərə, Ərdəbil rayonunun əhalisi isə 529,374 nəfərə bərabərdir. Ərdəbil şəhərinin əhalisinin böyük əksəriyyəti (98%) tarixən Azərbaycan türkü olub və bu gün də Azərbaycan türkcəsində danışır. Bu şəhərin əhalisinin əksəriyyəti şiə müsəlmanlardır. Güney Azərbaycanın başqa bölgələrində olduğu kimi, Ərdəbil rayonundakı yer adları da, İran hökuməti tərəfindən dəyişdirilib. Belə ki, bu yerlərin Azərbaycan türkcəsində olan adları qaldırılıb, əvəzinə farsca adlar istifadə edilir. Bununla belə, Ərdəbil şəhərinin köhnə məhəllələrinin, tarixi abidələrinin, dağlarının, çaylarının, düzənliklərinin, ətraf kəndlərin adlarının demək olar ki, böyük əksəriyyəti Azərbaycan türkcəsindədir.

Ərdəbilin qədim zamanlardan müasir dövrə qədər tarixinə qısa nəzər:

“Ərdəbil” sözünün kökü haqqında dəqiq fikir söyləmək çətindir. Ancaq bütün araşdırmaçılar bu şəhərin adının iki hissədən oluşduğu barədə həmfikirdir: Arta + Bil (bel). Bel sözü tarixi Azərbaycan torpaqlarında yerləşən bəzi yer adlarında da görünməkdədir və güman ki, “yurd”, yaxud “yer” anlamını ifadə edir. Məsələn, “Koroğlu” dastanında Çənlibel sözünün bir yer adı olduğunu bilirik. İndiki İraqın şimalında yerləşən Ərbil şəhəri də Ər+Bel birləşməsindən törəyib. Ərdəbil şəhərinin içində yerləşən Şorabel adlı gölün də adı olduqca diqqətçəkicidir. Ərdəbil (Artabel) şəhərinin adının birinci hissəsi həm də Şumer yazılarında bir neçə dəfə xatırlanan Azərbaycanda qədim Aratta sivilizasiyasını xatırladır. Aratta sivilizasiyasının daha çox Azərbaycanın qərb bölgələrində cəmləşdiyini bilirik. Ancaq sözügedən sivilizasiya daha güclü bir hakimiyyətə sahib olduğu zamanlar şərqə doğru inkişaf etmişdir. Qənaətimizcə, Ərdəbilin adının birinci hissəsinin Aratta dövlətinin hökumətinin Ərdəbildə yerləşdiyini sübut etməyə ehtiyac yoxdur.

Ərdəbil şəhərində və ona yaxın ərazilərdə tarixi ocaqların (od məbədlərinin) və qədim abidələrin olması bu şəhərin tarixinin eramızdan əvvəlki dövrlərə getdiyini göstərir. Burada od məbədləri sözünü mötərizədə verməyimizin səbəbi ocaqların bəzən atəşgah adıyla tanınmasıdır. Yoxsa, hesab edirik ki, Azərbaycan torpaqlarındakı ocaqların atəşpərəstlik və zərdüştilik dini ilə bir əlaqəsi yoxdur. Bəlkə, bu məsələni başqa bir yazıda qələmə almaq lazımdır, amma burada amacımız yalnız Ərdəbilin tarixinə qısaca nəzər salmaqdır.

Ərəblərin Azərbaycana hücumu zamanı Ərdəbil nisbətən böyük və məskunlaşmış bir şəhər idi. Hətta Bəni-Üməyyə sülaləsinin Azərbaycan üzərində hakimiyyəti dövründə Ərdəbil Azərbaycanın paytaxtı olmuşdur. Lakin Səfəvilər sülaləsinin Azərbaycanın ən qüdrətli imperatorlarından biri kimi Ərdəbil şəhərindən çıxması bu şəhərin keçmiş şanlı tarixinə kölgə salıb və bu gün bu şəhərin adı daha çox Səfəvilər sülaləsi ilə bağlıdır. Biz bilirik ki, ərdəbilli Şeyx Səfi, Şah İsmayıl Səfəvinin ulu əcdadı olub, onun və övladlarının Ərdəbildəki xanəgahı uzun müddət bu ailənin tərəfdarlarının toplanma mərkəzi olub, Səfəvilər dövlətinin qurulmasından sonra isə bu şəhər daim Səfəvi şahlarının qayğısı və hörməti altında olmuşdur.

Ərdəbil şəhəri də Güney Azərbaycanın digər şəhərləri kimi, məşrutə inqilabında (1906-1909) təsirli rol oynayıb. Həmçinin Azərbaycan Demokrat Firqəsinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin (1945-1946) qurulmasında da səmərəli iştirak etmişdir. Son illərdə Ərdəbil şəhəri azərbaycançılığın və türkçülüyün möhkəm dayaqlarından birinə çevrilib. Güney Azərbaycan milli hərəkatının ən məşhur və cəsur fəallarından bir neçəsi bu şəhərdən çıxıb. Doğrudur, İran hökuməti son yüz ildə Güney Azərbaycan türklərini assimilyasiya etmək və onların beynindən Azərbaycan və türk ruhunu silmək üçün bütün səylərini göstərib, lakin Güney Azərbaycan fəallarının sivil və mədəni fəaliyyətləri nəticəsində, Azərbaycançılıq və türkçülük bu şəhərdə günü gündən daha çox güclənməkdədir.

Ərdəbil şəhərinin şair və sənətkarları Güney Azərbaycanın digər şəhərlərinin şair və sənətkarları kimi həsrət və ya ayrılıq ədəbiyyatının öncülləri olublar. Əsas mövzusu Azərbaycanın ikiyə bölünməsi olan ədəbiyyat Güney Azərbaycanın Quzey Azərbaycandakı bacı-qardaşlarına olan həsrəti dilə gətirir. Düşünürəm ki, ərdəbilli şair Fərhad İbrahiminin yazdığı məşhur “Ayrılıq” mahnısını eşitməyən azərbaycanlı tapmaq mümkün deyil. Güney Azərbaycan türkləri Quzey Azərbaycan sevgisini illərdir bu mahnıya və onun həsrət dolu pıçıltısına qulaq asaraq təsəlli tapıblar:

Fikrindən gecələr yata bilmirəm
Bu fikri başımdan ata bilmirəm
Neyləyim ki, sənə çata bilmirəm
Ayrılıq, ayrılıq, aman ayrılıq

Hər bir dərddən olar yaman ayrılıq...

İllərdi uzağam arxam elimdən

Bülbüləm düşmüşəm ayrı gülümdən

Cur ilə ayırıb şirin dilimdən

Ayrılıq, ayrılıq, aman ayrılıq

Hər bir dərddən olar yaman ayrılıq...

Bu milli oyanış ruhu son illərdə xeyli yüksəlib və bir çox gənclər Azərbaycanın digər şəhərlərindən olan həmyaşıdları kimi, hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, öz azərbaycanlılıqlarını, mədəniyyətlərini, tarixlərini və dillərini qoruyub saxlamağa çalışırlar. Azərbaycan türklərinin dilini, ədəbiyyatını, tarixini, Azərbaycan milli rəqslərini, Azərbaycan musiqisini öyrənən gənclər vahid Azərbaycan ideyasını təbliğ edirlər və gələcəyin bizə aid olduğuna və bir gün bu ideyanın reallığa çevriləcəyinə inanırlar və buna görə də bu ideyanın reallaşması istiqamətində çalışırlar.

Ərdəbil şəhərinin tarixi əsərləri və görməli yerləri

Yaşıl və gözəl təbiəti, möhtəşəm tarixi binaları ilə Ərdəbil Güney Azərbaycanın ən gözəl şəhərlərindən biri hesab olunur və hər zaman müxtəlif yerlərdən gələn turistlərin marağını çəkməkdədir. Şeyx Səfiəddin Ərdəbilinin məqbərəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələrdən biridir. Bu çox incə və qiymətli kompleksdə Çini (farfor) Xana, Cənnət Səra, Xanqah, Çillə Xana, Şəhidlər Məzarı, Cirağ Xana və Hərəm Xana kimi müxtəlif hissələr var. Bundan əlavə, Səfəvi imperiyasının banisi Şah İsmayılın məzarı, həmçinin onun anasının (Uzun Həsən Ağqoyunlunun qızı) məzarı da bu kompleksdədir.

Bu kompleksin zəngin kitabxanası da var idi. Ancaq, uzun sürən Qacar-Rus savaşlarının son zamanlarında (1826-1828) Ərdəbil şəhəri general İvan Paskoviçin komandanlığı ilə rus qoşunları tərəfindən işğal edilərkən kompleksin nəfis kitabları da digər qiymətli əşyaları kimi talan edilərək Sankt-Peterburqa aparıldı və bəziləri Ermitaj Muzeyinə yerləşdirildi. Eyni zamanda, kompleksin qiymətli çini qabları da zaman keçdikcə, xüsusən Ərdəbilin işğalı zamanı ruslar tərəfindən oğurlandığı üçün bu gün rəflərin çoxu boşdur və yalnız bir neçə çini qab saxlanılır.

Ərdəbil şəhəri də Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Xoy, Qəzvin və Həmədan kimi bir çox digər tarixi və böyük şəhərləri kimi ənənəvi qapalı bazara (üstü örtülü bazar) malikdir ki, bu da ticarət və alış-veriş məkanı olmaqla yanaşı, bu şəhərlərin şanlı keçmişinə də işarə edər. Ərdəbilin üstü örtülü bazarının ürəyində müxtəlif tarixi dövrlərə aid nişanələr var, lakin onun ən böyük genişlənməsi Səfəvi imperiyasının hakimiyyəti dönəmində yaşanıb.

Şorabil (Şorabel) gölü, Ərdəbil şəhərinin gözəlliyini daha da artırıb. Bu göldə qayıq, atletika yolu, velosiped idmanı, zoopark, yaxşı təchiz olunmuş gözəl hotellər, uşaqlar üçün oyun şəhər kompleksi, gölün ortasında restoran kimi müxtəlif istirahət, idman və mədəniyyət obyektləri var.

Yeməklər

Yemək insanın ən vacib ehtiyaclarından biridir, amma müxtəlif xalqlar müxtəlif yeməklərə həvəs göstərdikləri üçün bu, həm də bir xalqın mədəniyyətinin cəhətlərindən biri hesab olunur. Əminliklə demək olar ki, Ərdəbil ən müxtəlif yemək çeşidlərindən birinə malikdir. Təbii ki, Azərbaycanın hər yerində olduğu kimi, bu siyahının da Azərbaycanın digər bölgələri ilə ortaq cəhətləri çoxdur.

Ərdəbildə bişirilən meyvə aşını (aş=şorba) Azərbaycanın başqa bölgələrində görmək çətin olsa da, ayran aşı, əriştə aşı, yarma aşı, umac aşı kimi aşlar, ət şorbası və ya müxtəlif dadlı plovlar, Azərbaycan yemək mədəniyyətinin çox yerlərdə görünən nümunələrin sayılırlar. Təbii ki, zaman keçdikcə Azərbaycanın müxtəlif bölgələrində müxtəlif yeməklərin bişirilməsində fərqliliklər olub. Məsələn, Ərdəbil qara halvasına bənzər halva Azərbaycanın müxtəlif yerlərində bişirilsə də, etiraf etmək lazımdır ki, Ərdəbil qara halvası tamamilə özünəməxsus dada malikdir və bu şəhərin məşhur suvenirlərindən biri hesab olunur.

Son söz:

İran hökumətinin son yüz ildə Güney Azərbaycan türklərini assimilyasiya etmək üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, Güney Azərbaycanın digər şəhərində olduğu kimi, Ərdəbil şəhərlərində də Azərbaycan mədəniyyəti, dili, tarixi, musiqisi, rəqsi, Azərbaycançılıq və türkçülük ideyası hələ də yaşamaqdadır və hətta güclənməkdədir.

Təbii ki, bu qeyri-bərabər mədəni savaşın tərəflərinin imkanlarının bərabər olmadığını qəbul etmək lazımdır. Bu qeyri-bərabər savaşın bir tərəfində bütün imkanlara, maliyyə resurslarına, mediaya, təhsil və təbliğat sisteminə malik olan hökumət; digər tərəfdən, o Güney Azərbaycan türkləri ki, maliyyə və media imkanları heç bir halda qarşı tərəflə müqayisə oluna bilməz, lakin buna baxmayaraq, bütün vücudları Azərbaycan sevgisi ilə doludur. Beləcə də bunların əlləri boş olsa da, ürəkləri zəngin və doludur, tutduqları yolun haqq yolu olduğuna inanırlar. Məhz bunun üçündür ki dediyimiz kimi qarşı tərəfin geniş imkanlarıyla tutuşdurduğumuzda əli boş gördüyümüz bu insanlar Güney Azərbaycan türkləri tərəfindən daha çox qəbul olunurlar və sözləri daha təsirli olur.

Bu gün Ərdəbildə yüz illik fars assimilyasiyasının acıverici izlərini görmək mümkündür, amma başqa tərəfdən Azərbaycançılığa və türkçülüyə meyillərin artmasını da görmək mümkündür. Demək bu şəhərdə iki mədəniyyət bir-biriylə savaşmaqdadırlar. Dövlət tərəfindən zorla təbliğ edilən fars mədəniyyəti və Güney Azərbaycan türklərinin min illərdən bəri yaşadıqları Azərbaycan və türk mədəniyyəti.

Ərdəbil şəhərinin gəncləri özlərini Səfəvi imperiyasının, xüsusilə də Şah İsmayıl Xətainin varisləri hesab edir və inanırlar ki, onlar da Şah İsmayıl Səfəvi kimi tarixi Azərbaycan torpaqlarını bir daha birləşdirərək, zülm və işğala son verəcəklər.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR