Urmiya: Azərbaycançılığın çırpınan ürəyi - GÜNEY AZƏRBAYCANI TANI

Urmiya : Azərbaycançılığın çırpınan ürəyi - GÜNEY AZƏRBAYCANI TANI
# 03 mart 2023 15:17 (UTC +04:00)

APA “Güney Azərbaycanı tanı” adlı yeni layihəsini davam etdirir. Layihənin məqsədi Güney Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, abidələri, əhalisinin həyat tərzi və məişəti haqqında ətraflı məlumat təqdim etməkdir.

APA layihə çərçivəsində bu dəfə Məhəmməd Rəhmanifərin növbəti - Urmiya (Urmu) şəhərindən bəhs edən yazısını təqdim edir.

Birinci yazı - XOY

Azərbaycançılığın çırpınan ürəyi

Urmiya şəhəri Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılır. Şəhər əyalətin ən böyük və ən sıx məskunlaşan yaşayış məntəqəsidir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Urmiya şəhəri əslində Urmiya rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Quşçu, Sero, Nuşinşəhr, Silvana və Gülman kimi daha kiçik şəhərləri ilə əhatə olunub.

Urmiya düzənlikdə, eyni adlı gölün yanında yerləşir. Bu gözəl şəhərin ətrafı kilometrlərlə uzanan üzüm, alma bağları, tarlalarla əhatələnib. Buna görə də şəhər yaşıl bağları, xüsusilə alma və çoxlu üzüm bağları ilə məşhurdur. Üzüm Urmiyanın simvoludur və hətta şəhərin meydanlarından birində üzüm heykəli qoyulub. Dəniz səviyyəsindən 1 332 metr hündürlükdə yerləşən şəhərin şərqində Urmiya, qərbində isə Marmişo gölü yerləşir.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Urmiya şəhərinin əhalisi 736 224 nəfər, Urmiya rayonunun əhalisi isə 1 040 565 nəfərdir. Urmiya şəhərinin əhalisinin böyük əksəriyyəti tarixən Azərbaycan türkü olub və bu gün də Azərbaycan türkcəsində danışır. Əhalisinin əksəriyyəti şiə müsəlmanlardır, lakin sünni müsəlmanlar və xristianlar da az da olsa, yaşayırlar. Sünni müsəlmanların Kürə-sünnü deyilən bir kəsimi Azərbaycan türklərindən sayılır və Azərbaycan türkcəsində danışır, amma başqa kəsimi kürdcə danışır. Xristianlar isə daha çox assuri və ermənilərdən təşkil olunub. Bununla belə, Urmiya şəhərinin köhnə məhəllələrinin adlarının, bu şəhərin tarixi abidələrinin, dağlarının, çaylarının, düzənliklərinin və bu şəhərin ətrafındakı kəndlərin adlarının demək olar ki, böyük əksəriyyəti Azərbaycan türkcəsindədir.

Urmiya tarixinə qısa nəzər

Şəhər ətrafındakı bir çox kurqanlardan (Gök Təpə, Diqale, Termani, Əhməd, Saralan, Dize Təpə) əldə edilən köhnə əşyalar araşdırılaraq Urmiyanın qədim Urartu ərazisində yerləşdiyi müəyyən edilib. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın müxtəlif bölgələrində çoxlu sayda Urartu yazılarının və əsərlərinin aşkarlanması Urartunun Urmiya gölü ətrafını və hətta Səhənd dağı (Təbriz-Marağa) ətrafındakı əraziləri zəbt etdiyini göstərir. Təbii ki, Urartu hökuməti qurulmazdan əvvəl və hətta ondan sonra da Urmiya daima assur döyüşçü tayfalarının hücumlarına məruz qalıb.

Bölgədəki qədim abidələrdən belə görünür ki, Urmiya Midiya dövründə abad və məskunlaşmış bir şəhər olub. Bu ərazinin və ətrafının bəzi antik əsərlərindən və tarixi tikililərindən, məsələn, Həsənlu qalası, Göy Təpə, Sasani şahının heykəltəraşlıq siması, Cami məscidinin binası və bəzi digər əsərlərdən aydın olur ki, bu şəhər yerini bir qədər dəyişmiş olsa da, uzaq keçmişdən Göy Təpə, Topraq Qala, Çiçəkli və həmçinin indiki yerində mövcud olub.

İslamdan sonra da Urmiya öz tarixi əhəmiyyətini qoruyub saxlayıb və Azərbaycanın ən abad və ən sıx məskunlaşdığı şəhərlərindən biri hesab edilib. İslamın ilk əsrlərində bir çox ərəb və müsəlman səyyahları öz kitablarında bu məsələyə toxunublar. Onların arasında Urmiyanın Azərbaycan şəhərləri arasında (Ərdəbil və Marağadan sonra) üçüncü yeri tutduğunu, suyun bolluğunu, meyvə və məhsuldarlığın zənginliyini vurğulayan İbn Hovqəl və İstəxri kimi hicri IV əsr coğrafiyaşünaslarını qeyd edə bilərik. Əlbəttə, təbiidir ki, Azərbaycanın digər şəhərlərinin əhalisi kimi bu şəhərin əhalisi üçün də dövran həmişə xoş keçməyib. Miladi 1220-ci ildə Urmiyaya səfər edən Yaqut Həməvi onun hökmdarının zəifliyi üzündən təhlükəsizliyinin olmamasından bəhs edir. Lakin monqol Elxanlarının hakimiyyətinin qurulması ilə Azərbaycanın bir çox şəhərləri kimi Urmiya da sülh, əmin-amanlıq, firavanlıq və abadlıq dövrünü yaşayır. Bu tarixi şöhrət və əzəmət dövrü Ağqoyunlu və Qaraqoyunlular dövründə müəyyən qədər davam edir və Urmiya şəhərində bu dövrlərə aid dəyərli əsərlər mövcuddur. Lakin, Səfəvi hakimiyyəti dövründə Urmiya Səfəvi və Osmanlı imperiyaları arasında sərhəddə yerləşdiyi üçün xoşbəxt deyildi.

“Tarix-i aləm aray-i Abbasi”yə görə, miladi 1559-cu ildə Şah Təhmasib Səfəvi dövründə Tergəvər və Mergəvər bölgələri Şahsövən olduqları üçün Bıradust kürdlərinə verilmişdir. Həmin illərdə Səfəvi və Osmanlı imperiyaları arasında gedən müharibə səbəbindən hər iki imperiya kürdlərə güzəştlər verərək onları özlərinə cəlb etməyə çalışırdı. Şah Abbas Kəbir 1603-cü ildə Bıradust əmiri Osmanlılara təslim olmadığı üçün Urmiya və Üşnəviyyənin idarəetməsini ona verdi. Həmin tarixdən etibarən Urmiya və Qərbi Azərbaycanın bəzi şəhərlərində kürd və türk problemi davam edir.

Bu gün Urmiyada yaşayan kürdlərin əhalisi bu şəhərin ümumi əhalisinin 15%-dən də az olsa da, PKK, Pejak və Kürdüstan Demokratik Partiyası kimi terror qruplaşmalarının tərəfdarları bu şəhərin kürdləri ilə bağlı geniş təbliğat apararaq buranı kürd şəhəri kimi göstərməyə çalışırlar və bütün kürd televiziya və mətbuatı Urmiyanı, hətta Güney Azərbaycanın batı bölgəsində yerləşən şəhərlərin hamısını Kürdüstan kimi təqdim edirlər və təəssüflə farsların da televiziya və mətbuatı bu məsələdə onlarla işbirliyi aparırlar.

Həqiqət budur ki, Məşrutiyyət dövründən bəri İran millətçiliyi ifrat farsçılıq və türklərlə ərəblərə nifrətə əsaslanır. Məhz bu əsasda farslar özlərini kürdlərlə eyni köklü hesab edərək türkləri Turani və İranın tarixi düşməni hesab edirlər. Əslində farsdilli medianın kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgələri ilə bağlı yalan təbliğatı ilə geniş şəkildə əlaqələndirilməsinin səbəblərindən biri də bu irqçi münasibətdir. Təbii ki, bunun başqa səbəbi də var. Türk Qacarlar sülaləsinin süqutundan sonra panfarsizm məfkurəsinə söykənən İranın mərkəzi hökuməti həmişə müxtəlif yollarla Güney Azərbaycan türkləri ilə Türkiyə arasında münasibətlərin qarşısını almağa çalışıb. Bu yollardan biri də İran mərkəzi hökumətinin son yüz ildə kürdlərin bu bölgəyə yerləşdirilməsi ilə məqsədyönlü şəkildə həyata keçirdiyi Güney Azərbaycan türkləri ilə Türkiyə arasında quru əlaqəsinin kəsilməsi olub. Xüsusən də Quzey Azərbaycan müstəqillik əldə etdikdən və bu ölkənin Türkiyəyə yaxın olması və türk dünyasının formalaşması istiqamətində təməl addımların atılmasından sonra bu bölgədə türklərin quru əlaqəsini kəsmək məqsədi ilə kürd dəhlizinin yaradılması daha intensiv şəkildə təqib edilib. Bu layihələr elə bir şəraitdə həyata keçirilir ki, eyni zamanda, Azərbaycan xalqını, xüsusən də Urmiya əhalisini assimilyasiya etmək üçün və onları farslaşdırmaq üçün böyük səylər göstərilir.

Bununla belə, Güney Azərbaycan türk xalqı tarix boyu davam edən qanlı hadisələrə baxmayaraq, öz varlığını qoruyub saxlaya bilib. 1880-ci ilin oktyabrında Urmiya şəhəri Şeyx Ubeydullah Şəmzinini dəstəkləyən kürdlər tərəfindən mühasirəyə alınıb, lakin bu şəhərin əhalisinin cəsur müqaviməti Şeyx Ubeydullahın Azərbaycan torpaqlarında Kürdüstan dövləti yaratmaq xəyallarını puç edib. İsmayıl Simitqo (Semko) adlı başqa bir kürd sərkərdəsi İranın mərkəzi hökumətinin zəifliyindən istifadə edərək Güney Azərbaycanın qərb bölgələrində hökumət qurmaq fikrinə düşüb, Səlmas və Urmiya kimi şəhərlərdə adam öldürməyə, qarətlər həyata keçirməyə başlayıb, amma o da öz bədxah məqsədinə nail ola bilməyib.

Azərbaycanın qərb bölgələrində İsmayıl Simitqonun qətl və talanları davam edərkən, bu bölgələrdə silahlı erməni və assurilərin cinayətləri də başlandı. Tariximizdə Ciloluq fəlakətləri kimi qeyd olunan bu cinayətlər Rusiyanın, Fransanın, Böyük Britaniyanın, hətta ABŞ-ın dəstəyi ilə silahlı erməni və assur xristianlarına Cənubi Azərbaycan ərazisində xristian hökuməti qurmaq məqsədi ilə baş verdi (Eyni illərdə Şimali Azərbaycanda da erməni daşnakları tərəfindən oxşar hadisələr baş verdi). 1918-ci ilin axır çərşənbəsində Urmiya camaatı Novruz bayramını qarşılamağa hazırlaşarkən erməni və assur rəhbərləri qırğın və ümumi talan elan etdilər, bunun nəticəsində təkcə Urmiya şəhərində 150 ​​minə yaxın günahsız azərbaycanlı qətlə yetirildi. Urmiya xalqının qırğınından sonra qaniçən erməni və assur ordusu Salmasa gedərək Urmiyadakı cinayətlərini orada təkrarladılar. Lakin Xoy şəhərinin haqqında yazdığımız kimi, bu cinayətkar ordu Xoy qapısında dayandırıldı və nəhayət, Osmanlı ordusu gələndə ağır məğlubiyyətə uğrayaraq qaçdılar.

Gördüyünüz kimi, Urmiya Azərbaycanın düşmənlərinin hər zaman tamah saldığı bir şəhərdir. Lakin bu qanlı hadisələrin heç biri şəhərin əhalisinin iradəsini qıra bilmədi. Daim azərbaycanlıların tarixini, dilini, mədəniyyətini, adət-ənənələrini məhv etməyə çalışan Rza şah Pəhləvi diktaturasının süqutundan sonra Azərbaycanın digər şəhərlərinin əhalisi kimi, Urmiya əhalisi də ayağa qalxdı və 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti quruldu. Doğrudur ki, Azərbaycan Milli Hökuməti bir ildən sonra İranın mərkəzi hökuməti tərəfindən vəhşicəsinə basdırılaraq ortadan qaldırıldı və bundan sonra İranın mərkəzi hökuməti bir daha Azərbaycan mədəniyyətini məhv etməyə cəhd etdi. Bu cəhdlər hələ də davam edir, lakin bu şəhərin əhalisi hələ də öz kimliyini qoruyub saxlamaqda qərarlıdır. İran hökumətinin son yüz ildəki siyasəti Azərbaycan türklərinin bir qismini assimilyasiya etməyi bacarsa da, Urmiyada Azərbaycan mədəniyyəti hələ də yaşamaqdadır. Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamı, çərşənbə axşamı dəbləri, Novruz bayramı dəbləri, sayaçılar, kosa, təkəmçilər, çillə gecəsi, “Koroğlu” dastanı kimi folklor nümunələri, adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək ki, Azərbaycan hələ bu şəhərdə yaşayır.

Günümüzdə Azərbaycan gəncliyi hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, azərbaycanlılığını, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamaqda qətiyyətlidir. Urmiya gənclərinin fəaliyyəti təkcə Azərbaycanın mədəniyyətinin və dilinin qorunub saxlanılması və inkişafı ilə məhdudlaşmır, bu gənclər son illərdə dəfələrlə küçələrə çıxaraq Urmiya gölünün İran hökuməti tərəfindən qəsdən qurudulmasına etirazlarını bildiriblər və indiyədək onlarla insan bu etirazlar üzündən həbs edilib. 44 günlük Qarabağ müharibəsi zamanında bu şəhərin əhalisi İran hökumətinin işğalçı ermənilərə dəstəyinə etirazlarını müxtəlif yollarla hakimiyyətin diqqətinə çatdırıb və Şuşanın azad edildiyi gün şirniyyat paylayaraq xoşbəxtliklərini ifadə edib.

Tarixi əsərlər

Urmiyada şəhərin zəngin tarixindən xəbər verən çoxlu abidələr var. Bişmiş kərpiclə tikilmiş bu şəhərin böyük qapalı bazarı (Üstüörtülü bazar) Səfəvilər dövrünün yadigarıdır və təbii ki, sonrakı dövrlərdə də dəyişikliklərə məruz qalıb.

Urmiya Cami Məscidi Urmiya bazarının yaxınlığında yerləşir və moğol Elxanlığı dövrünə aiddir. Bu məscidin bəzi hissələri Səlcuqlu türklərinin yadigarlarıdır. Məscidin mehrabı moğol dövrünün memarlıq sənətinin ən gözəl əsərlərindən sayılır. Qədim Doqquz Pilleh buzlağı, Üç Günbəz tarixi abidəsi, General Məscidi və onlarla tarixi ev və tikili kimi əsərlər bu şəhərin Azərbaycanlı kimliyini əks etdirir.

İslamdan əvvəlki mübahisəli tarixə məhəl qoymadan min ilə yaxın bir çoxu Azərbaycan mərkəzli hökumətlər olan türk dövlətləri tərəfindən idarə olunan bu şəhər, qeyd etdiyim kimi, uzun tarixi ərzində, xüsusən də müasir dövrdə hərislərin tamah mərkəzi olub. Amma bu şəhərin əhalisi hələ də öz Azərbaycan mənəvi irsini möhkəm və mətanətlə qoruyur. Məhz buna görə bu gün Güney Azərbaycan xalqı bu şəhərə “Azərbaycançılığın çırpınan ürəyi” adını verib.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR