Azərbaycanlı alim Yaponiyada nano-strukturun işıqla idarə edilməsinə nail olub

Azərbaycanlı alim Yaponiyada nano-strukturun işıqla idarə edilməsinə nail olub
# 30 mart 2007 12:48 (UTC +04:00)
“Ellipsommetriya” elmi laboratoriyasında işıq və nano-texnologiya üzrə uğurlu tədqiqatlar aparılıb. Bu barədə APA-ya “Ellipsommetriya” elmi laboratoriyasının rəhbəri, fizika elmləri doktoru Nazim Məmmədov məlumat verib. Onun sözlərinə görə, Yaponiyanın Osaka Universitetinin professoru Xiroqaşi Naitonun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun nəzdində 2005-ci ildə “Ellipsommetriya” şöbəsi yaradılıb. Azərbaycan və Yaponiya alimlərinin birgə əməkdaşlıq etdiyi bu laboratoriyada stoks parametrlərinin tam yığımına əsaslanan dalğa və maddənin koherent və qeyri-koherent qarşılıqlı təsirinin ellipsometrik təsviri araşdırılır. Bu gün dünyanın ən aparıcı ölkələrinin 21 alimi ən yeni texnologiyanı nano-dünyanı qurmaqla məşğuldur. Onların arasında yeganə azərbaycanlı Nazim Məmmədovdur. Yeni nano-dünya da ilk dəfə Yaponiyada qurulacaq. Hazırda alimlərin qarşısında duran ən mühüm məsələ nano-texnologiya elmini və ilk nano-mikro cihazı yaratmaqdır. Azərbaycanlı alimin rəhbərlik etdiyi “Ellipsommetriya” laboratoriyasının Osaka Universitetində apardığı son tədqiqatlar nəticəsində nano-strukturun işıqla idarə edilməsinə nail olunub. Nazim Məmmədov APA-ya açıqlamasında bütün cəmiyyətin on ildən sonra yeni nano-texnologiya əsasında qurulacağını bildirib. Qeyd edək ki, nano-texnologiya mikroskopik ölçülərdə olan cihazlar deməkdir. Bu cihazların hərəkəti isə yeni elmi prinsiplərə əsaslanır. Hazırda dünyanın 8 ölkəsindən - Yaponiya, Fransa, İngiltərə, Çin, Azərbaycan, İtaliya, ABŞ və Koreyadan olan görkəmli alimlərin qurduğu nano-dünyanı faktiki olaraq gözlə görmək mümkün deyil. Amma yaxın gələcəkdə insanlar bu mikro dünyanı bizim mikro dünyadan asanlıqla idarə edə biləcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR