Prokuror MTN polkovnikinə daha ağır cəza tələb edib

Prokuror MTN polkovnikinə daha ağır cəza tələb edib
# 13 sentyabr 2022 22:00 (UTC +04:00)

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər çıxış edib.

Zərərçəkmişlərin çıxışından sonra dövlət ittihamçısı təqsirləndirilən Vüsal Ələkbərovla bağlı hissədə əvvəlki çıxışına düzəliş etmək istədiyini açıqlayıb. O, Vüsal Ələkbərova əvvəl tələb etdiyi cəzadan imtina etdiyini, 12 il cəza tələbini 15 illik cəza tələbi ilə əvəzlənməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı çıxışının davamında Vüsal Ələkbərova tələb etdiyi 15 illik cəzadan onun barəsindəki əvvəlki hökm üzrə çəkdiyi 5 illik şərti cəzanın nəzərə alınmasını istəyib. Yekun cəza təyinini məhkəmənin səlahiyyətinə buraxıb.

Bundan sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib. Onlar müvəkkiləri barəsində olan cinayət işlərinə xitam verilməsini istəyiblər.

Bundan sonra hakim təqsirləndirilən şəxslərə çıxış üçün söz verib. Lakin onlar çıxışa hazır olmadıqlarını bildirdilər və çıxışa hazırlaşmaq üçün 10 gün vaxt istəyiblər.

Hakim təqsirləndirilənlərə çıxışa hazırlaşmaq üçün 2 gün vaxt verib.

Növbəti proses sentyabrın 15-də davam edəcək.

Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR