Sabiq vəzifəli şəxsin 2 milyonluq dələduzluqda ittiham olunan kürəkəninin məhkəməsində şahidlər dindirilib

Sabiq vəzifəli şəxsin 2 milyonluq dələduzluqda ittiham olunan kürəkəninin məhkəməsində şahidlər dindirilib
# 22 avqust 2023 14:15 (UTC +04:00)

Türkiyə vətəndaşlarına 2 milyon manat dələduzluqda ittiham olunan Azər Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahidlər bildirib ki, A. Əsgərov müxtəlif bəhanələrlə onlardan pul alsa da, sonradan verdiyi sözə əməl etməyib.

Zərərçəkmiş qismində Türkiyə vətəndaşları – Humeyra Genc və Hakan Doyğun tanınıb. Tekstil ticarəti ilə məşğul olan A.Əsgərov türkiyəli iş adamlarına qarşı 2 milyonluq dələduzluq ittihamı ilə onların şikayəti əsasında tutulub.

Proses sentyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, 35 yaşlı Azər Əsgərov bu ilin mart ayında Bakı Ağr Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onunla bağlı cinayət işi hazırda digər epizodlar üzrə ayrıca icraatda araşdırılır.

O, zərərçəkmiş şəxslərin şikayəti əsasında 2021-ci ilin mayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Əsgərov vaxtilə Prezident Administrasiyasında baş məsləhətçisi işləmiş Arif Novruzovun kürəkənidir. Arif Novruzov sonradan Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri olub, bir neçə rayon icra hakimiyyətinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb.

Məlumatlara görə, kürəkəni həbs olunandan sonra Arif Novruzov onun azad edilməsi üçün çalışsa da, özü də dələduzluqla üzləşib. O, kürəkəninin azadlığa buraxılması üçün bəzi şəxslərə 100 min manat verib. Lakin özünü səlahiyyətli kimi təqdim edən həmin şəxslərin dələduzluğu üzə çıxıb, onlar məsuliyyətə cəlb ediliblər.

Arif Novruzov sözügedən hadisədən sonra 2022-ci ilin aprel ayında vəzifəsindən azad olunub, bir müddət sonra isə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR