Azərbaycan Dövlət Sərhəd Xidməti Xəzərdə genişmiqyaslı taktiki təlim keçirib - FOTOSESSİYA

Azərbaycan Dövlət Sərhəd Xidməti Xəzərdə genişmiqyaslı taktiki təlim keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 25 sentyabr 2009 15:05 (UTC +04:00)
APA-nın məlumatına görə, «Xəzər dənizində DSX-nın bölmələri tərəfindən dövlət sərhədinin mühafizəsi zamanı sahilə, adalara, neft-qaz boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili və xilasetmə işlərinin aparılması» mövzusunda keçirilən təlimi DSX rəisi, general-leytenant Elçin Quliyev və Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev izləyib.

DSX Sahil Mühafizəsinin Türkan qəsəbəsində yerləşən bazasında öncə Sahil Mühafizəsinin inventarına daxil olan yeni texnika və silahlar, həmçinin şəxsi heyətin hazırlığı nümayiş olunub. Bildirilib ki, təlimdə DSX-nın Aviasiya dəstəsi, Lənkəran, Xudat və Şəmkir Sərhəd dəstələrinin şəxsi heyəti, çevik hərəkət qüvvələri və digər bölmələr cəlb olunub. Təlimdə, həmçinin, DSX Sahil Mühafizəsinin balansına yeni daxil edilmiş 2 iritutumlu, çətin hava şəraitlərində əməliyyat imkanlarına malik olan gəmilər də qatılıb.

Təlimin ssenarisinə əsasən, terror-təxribat qrupu bir neçə iti sürətli qayıqla hərəkət edərək Azərbaycan sektoruna daxil olub. Burada bir mülki gəmini ələ keçirərək neft-qaz platformasına doğru irəliləyib. Dörd mərhələdə keçirilən təlimin birinci mərhələsində qüvvə və vasitələr «Yüksək» döyüş hazırlığı dərəcəsinə gətirilib, Sahil Mühafizəsinin sualtı avadanlıqları və katerləri limandan hadisə yerinə dislokasiya edilib. İkinci mərhələdə Sahil Mühafizəsinin gəmiləri və katerləri, aviasiya dəstəsinin vertolyotları vasitəsilə çevik hərəkət qüvvələri tərəfindən sorğuya cavab verməyən gəminin saxlanılması, zərərsizləşdirilməsi və gəmiyə baxış keçirilməsi üzrə elementlər yerinə yetirilib. Üçüncü mərhələ neft-qaz platformasında və yaxın ərazidə davam etdirilib. Bu zaman platformanın sualtı hissəsinin yoxlanılması, çevik qrupların vertolyotlar, katerlər və ZTR-lər vasitəsi ilə desant çıxarılması, platformanın və sahilboyu ərazinin nəzarətə götürülməsi, antiterror əməliyyatı zamanı platformada baş verən yanğının söndürülməsi, xilasetmə əməliyyatları keçirilib. Bu mərhələ sahilə çıxmağa cəhd göstərən təxribatçı qüvvələrin qalıqlarının dənizdən desantla çıxarılan çevik qruplar tərəfindən ZTR-lərin atəş dəstəyi ilə zərərsizləşdirilməsi ilə başa çatdırılıb. Sonuncu mərhələdə Sahil Mühafizəsinin gəmi və katerləri, aviasiya dəstəsinin vertolyotları tərəfindən birgə sərhəd axtarışı aparılıb. Tabe olmayan şərti gəmi müxtəlif növ atıcı və artilleriya silahlarından atəşlə məhv edilib.

Üç günlük təlimin icrasını qiymətləndirən E. Quliyev qarşıya qoyulan tapşırıqların Sərhəd Qoşunlarının şəxsi heyəti tərəfindən yüksək səviyyədə icra olunduğunu bildirib. DSX rəisi builki təlimlərin daha geniş miqyaslı olduğunu vurğulayıb: «Təlimlərə təqribən 2 minədək hərbçi, 3 vertolyot, 29-dan artıq gəmi və kater, sualtı üzmə vasitələri, iriçaplı silahlar və zirehli döyüş texnikası cəlb olunub. Təlimlərə cəlb olunmuş şəxsi heyət yüksək nizam intizam və döyüş qabiliyyəti nümayiş etdirdi. Qarşıya qoyulan bütün tapşırıqlar icra olundu».

DSX rəisi onu da vurğulayıb ki, təlimin avqust ayının sonlarında Türkmənistan tərəfinin Xəzərdə Hərbi Dəniz Qüvvələri yaratmaq barədə bəyanatları ilə heç bir bağlılığı yoxdur və illik iş planına uyğun olaraq keçirilir.

«Azərbaycan Sahil Mühafizəsi Xəzər regionunda ən müasir bazaya malikdir. Bu gün dəniz sərhədlərinin qorunması ilə bağlı əldə olunmuş nailiyyətlər gələcəkdə də davam etdiriləcək», - deyə E. Quliyev bəyan edib.

Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev də təlimi yüksək qiymətləndirib: «DSX-nın şəxsi heyəti bu təlimdə yüksək döyüş hazırlığı və mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi. Tapşırıqlar layiqincə yerinə yetirildi».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR