ANAMA sədri minalardan təmizlənən ərazilərin sahəsini açıqlayıb

ANAMA sədri minalardan təmizlənən ərazilərin sahəsini açıqlayıb
# 25 may 2023 13:07 (UTC +04:00)

2020-ci ilin noyabr ayından etibarən azad olunmuş torpaqlarda Azərbaycan tərəfindən aparılan genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 386 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

APA xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda keçirilən ikinci "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən biridir: "Bu gizli təhlükələr təkcə insan faciələri törətmir, həm də sosial və iqtisadi inkişafa mane olur. Bu həm də regionda sülh və sabitlik üçün əsas maneədir".

Azad olunmuş ərazilərdə minatəmizləmə işləri barədə konfrans iştirakçılarını məlumatlandıran ANAMA sədri deyib ki, minatəmizləmə əməliyyatları nəticəsində 81 386 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə 88 260 mina və partlamamış hərbi sursat, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

"Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi davam edir. Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfər yaralanıb. 1991-ci ildə Ermənistanın ərazi iddiaları nəticəsində yaranmış münaqişənin başlanmasından indiyədək mina partlayışları nəticəsində 358-i uşaq, 38-i qadın olmaqla, ümumilikdə 3381 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb".

Zümrüd Paşkin

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR