Azərbaycandakı hərbi attaşelər Gəncədə raket düşən ərazidə olublar - FOTO - VİDEO

Azərbaycandakı hərbi attaşelər Gəncədə raket düşən ərazidə olublar - FOTO  - VİDEO
# 14 oktyabr 2022 10:50 (UTC +04:00)

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, hərbi attaşelər Gəncə şəhərində Ermənistan Respublikasının silahlı qüvvələrinin raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət ediblər.

Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilər ziyarət edildikdən sonra, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə tanış olublar. 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivində həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzülüb. Qonaqlara Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumat verilib.

Qeyd edilib ki, 2020-ci il 11 oktyabr tarixində Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çox sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb.

Ümumilikdə erməni terroru nəticəsində Gəncədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR