Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolma hallarının sayı artırılıb

Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolma hallarının sayı artırılıb
# 05 yanvar 2022 15:12 (UTC +04:00)

Nazirlər Kabineti “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qayda artıq Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrlə bərabər Silahlı Qüvvələrdən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də şamil ediləcək.

Beləliklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olacaqlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Nazirlər Kabinetinin 2012-ci il 23 noyabr tarixli 276-18 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətə qəbul ediləcəklər.

Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib ediləcək.

Həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətə könüllü daxil olduqda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və bu Qayda ilə tanış edildikdən sonra, onlarla Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında həqiqi hərbi xidmətə daxil olmağa dair bağlaşma eyni hüquqi qüvvəyə malik üç əsl nüsxədən ibarət tərtib edilir. Bağlaşmanın bir nüsxəsi hərbi xidmətə daxil olan şəxsə veriləcək, digər nüsxəsi (nüsxələri) isə müvafiq dövlət orqanının aidiyyəti qurumunda saxlanılacaq. Həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həqiqi hərbi xidmətə könüllü daxil olduqda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və bu Qayda ilə tanış edildikdən sonra, onlarla Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında həqiqi hərbi xidmətə daxil olmağa dair öhdəlik eyni hüquqi qüvvəyə malik iki əsl nüsxədən ibarət tərtib ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR