Ekspert: “Beynəlxalq təşkilatların xətti ilə Ermənistandan minalanmış ərazilərin xəritələri tələb oluna bilər”

Ekspert: “Beynəlxalq təşkilatların xətti ilə Ermənistandan minalanmış ərazilərin xəritələri tələb oluna bilər”
  • Clock-gray 14:23
  • calendar-gray 20 Fevral 2021

“Azərbaycan üçün ilk iş işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların xəritələrini əldə etməkdir”.

Bunu APA-ya açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi guya minalanmış ərazilərin xəritələrinin olmadığını bildirib: “Bu, nağıldır. Çünki həmin ərazilərə minaları mülki şəxslər basdırmayıblar. Əraziləri Ermənistanın Müdafiə Nazirliyi minalayıb. Hərb elminin qanuna görə də minalanmış ərazinin xəritəsi və protokolu tərtib olunmalıdır”.

H. Səfixanov Ermənistanın minalar əleyhinə Konvensiyaya qoşulmadığını xatırladıb: “Amma üçtərəfli bəyanatlara əsasən, Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində komissiya işləyir. Həmin komissiya çərçivəsində biz Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etməliyik. Ermənistan həmin xəritələri verməlidir. Ən azından Ermənistanı beynəlxalq aləmdə qınaq obyektinə çevirməklə xəritələri verməyə məcbur etməliyik”.

O qeyd edib ki, ermənilər hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb: “Demək olar hər həftə bizim mülki şəxslərimizin işğaldan azad edilmiş ərazilərdə minaya düşməsi ilə bağlı məlumat yayılır. Hərbçilər arasında da minaya düşənlər var. Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini verməməklə tək hədəfi mülki şəxslər arasında mina qurbanlarının sayını artırmaq deyil. Burada onlar həm də bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayət törədirlər. Çünki bu xəritələri verməməklə onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə başladacağı yeni infrastruktur layihələrini də gecikdirirlər. Digər tərəfdən, minaların təmizlənməsi külli miqdarda vəsait tələb edən və vaxt aparan işdir. Ancaq xəritələr olarsa, həm vəsaitə və vaxta qənaət etmək olar. Beləliklə də Azərbaycan infrastruktur layihələrini daha tez həyata keçirər və məcburi köçkünlər öz doğma torpaqlarına daha tez qayıda bilərlər”.

H. Səfixanov vurğulayıb ki, BMT, Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə də Ermənistandan həmin xəritələr tələb oluna bilər: “Hansı ki, bu təşkilatlar beynəlxalq humanitar hüquqa əsaslanan fəaliyyət göstərirlər. Ancaq ən əsası üçtərəfli komissiyanın iclasında biz hər şeydən əvvəl iradə nümayiş etdirməli və tələb qoymalıyıq. Çünki Azərbaycan tərəfi qalib tərəfdir və bütün şərtləri diktə edir”.

Firuzə Vahid

Digər xəbərlər