Rəssam Rami Meirinin fərdi sərgisi açılıb - FOTO

Rəssam Rami Meirin fərdi sərgisi

© APA | Rəssam Rami Meirin fərdi sərgisi

# 01 mart 2022 20:01 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Xalça Muzeyində əslən dağ yəhudisi olan rəssam Rami Meirin ilk fərdi sərgisinin açılışı olub.

APA-nın xəbərinə görə, sərgini giriş sözü ilə açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova rəssamın ideya fərqliliyi və orijinal düşüncəsindən bəhs edib: "Sərginin tarixi-etnoqrafik yönümli olması bizim üçün çox vacibdir. Çünki sərginin əsas leytmotivi muzeyimizin fəaliyyət istiqaməti ilə həmahəngdir. Əsrlər boyu Azərbaycanda məskunlaşan xalqların sırasında yəhudi mənşəli həmvətənlərimizi xüsusi qeyd edə bilərik. Onlar Azərbaycanda özlərini böyük bir ailənin üzvi kimi hiss edir və ölkəmizin həyatında fəal rol oynayırlar".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva isə Rami Meirinin əsərlərində Azərbaycan və onun multikultural ənənəsinin hiss olunduğunu vurğulayıb: "Rami Meirinin Azərbaycana sevgisi, məhəbbəti hər zaman ən yüksək və ən səmimi şəkildə olub. Burada nümayiş olunan əsərlərdə Azərbaycan var, Azərbaycan adı var. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların nümayəndələri mehriban şəkildə yaşayıb. Rəssam da bu sevgi və birgəliyi əsərlərində yüksək səviyyədə nümayiş etdirib".

Çıxışlardan sonra sərgi açıq elan olunub. Ekspozisiyada rəssamın "Dağ yəhudiləri" silsiləsində işlədiyi 30-dan artıq tablo, metal üzərində döymə texnikasında pannolar, ağacoyma nümunələri, rəssamın rəngkarlıq əsərlərinin motivləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələr nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR