Azərbaycana noutbukların tədarükündə fasilələr yaranıb

Azərbaycana noutbukların tədarükündə fasilələr yaranıb
  • Clock-gray 10:16
  • calendar-gray 01 Aprel 2021

Azərbaycanın kompüter bazarında noutbuk tədarükündə fasilələr yaranıb.

"APA-Economics"in yerli bazar iştirakçıları arasında apardığı sorğu nəticəsində məlum olub ki, bir çox hallarda dilerlər tərəfindən bu məhsul kateqoriyası üzrə ötən ilin oktyabrında verildikləri sifarişlər yalnız bu ilin fevral ayında ölkəyə çatdırılıb və bu ləngimələr hələ də davam etməkdədir.

Digər tərəfdən, bazarda yaranan kəskin tələbat qiymət artımına səbəb olub. Belə ki, noutbukların qiymətləri təxminən 10%-dək artıb və yaxın vaxtlarda bu tendensiyanın davam edəcəyi istisna edilmir.

Qeyd edək ki, bu günlərdə "Gizchina" portalının yaydığı məlumata görə, noutbukların qiymətlərində kəskin qlobal artım gözlənilir. Qiymət artımı birbaşa yarımkeçirici məhsullarına yaranan qıtlıqdan qaynaqlanır ki, bu da, öz növbəsində, kompüterlərə, smartfonlara, planşetlərə olan kəskin tələbatın yaranmasından irəli gəlir.

Bildirilir ki, pandemiya səbəbindən milyonlarla insan məsafədən işə keçərək texnika almağa başlayıb. Ekspertlər noutbukların bu ilin II rübünün sonunadək 5-10% bahalaşacağını bildiriblər.

"Acer"in rəhbəri Çen Tsyunşen şirkətin hazırda bazarın tələb etdiyi qədər noutbuk istehsal edə bilmədiyini deyib. Onun sözlərinə görə, hazırda texnikaya olan tələb təklifi üstələyir və bu gün noutbuk istehsalında yaranan kəsir 70%-ə çatır. "Asus" noutbukların istehsalında isə bu göstərici 25-30% arasında dəyişir. Hər iki şirkət vəziyyətin yaxşılaşacağı barədə proqnoz verməkdən çəkinir.

Hüseyn Vəliyev

Digər xəbərlər