Bak-İzmir xüsusi aviareyslər üzrə uçuşların sayı artırılır

Bak-İzmir xüsusi aviareyslər üzrə uçuşların sayı artırılır
  • Clock-gray 12:43
  • calendar-gray 26 Noyabr 2020

Azərbaycanın aşağıbüdcəli aviaşirkəti  "Buta Airways" Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslərin sayını artıracaq.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, dekabr ayının 10-dan etibarən bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Xatırladaq ki, ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə  təklif edir – "Standart" və "Super".

Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. "Super" tarifinə  (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri  üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

“Təyyarəyə özünüzlə əl yükü qismində yalnız qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir)  və uşaq qidası götürə bilərsiniz. "Duty Free" mağazalarından alınan əşyalar daxil olmaqla digər əl yükü növləri qadağandır”, - şirkətdən bildirilib.

Bakı-İzmir-Bakı marşrutu üzrə  biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi  agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.

Pandemiya dövründə qeyd edilən reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında  xidmət göstəriləcək.

Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19-a) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaq. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq, sərnişinləri qarşılayan və yola salan vətəndaşlar  aerovağzal binasına buraxılmayacaq.

APA-Economics

Digər xəbərlər