"HTech Invest" İKT şirkəti: "Bizim məqsədimiz ixracı artırmaqdır" - FOTO

"HTech Invest" İKT şirkəti: "Bizim məqsədimiz ixracı artırmaqdır" - FOTO
  • Clock-gray 15:15
  • calendar-gray 11 Mart 2021

Azərbaycanda rəqəmsal transformasiyanın həyata keçirilməsi, ölkə rəhbərliyinin İKT sektoruna, texnoloji parkların inkişafına xüsusi diqqəti yerli istehsalçılar üçün münbit şərait yaradır. 

Belə nümunələrdən biri Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “HTech Invest” şirkətinin uğurlu inkişafıdır. HTech Invest dünyaca məşhur “Acer” brendi ilə əməkdaşlıq edərək fərdi kompüter, noutbuk, monobloklar istehsal edir.

Bu gün “HTech Invest” zavodu sutkada 500-dən çox yüksək texnoloji avadanlıq istehsal etmək gücünə malik ən uğurlu yerli İT şirkətlərindən biridir. Zavod dünyadakı təcrübə və İT sənayesi üzrə standartların tələblərinə uyğun fəaliyyət göstərir. “HTech Invest”in istehsal etdiyi bütün məhsullar sertifikatlaşdırılıb və brendin özü tərəfindən rəsmi zəmanətlə təmin edilmişdir. Bu günədək 30 mindən çox “Acer” kompüter və noutbuklar istehsal edilərək sifarişçilərə təhvil verilib.

Şirkət tərəfindən yaradılan biznes model istehsal xərclərini optimallaşdırmağa, bununla da məhsulların maya dəyərini aşağı salmağa imkan verir ki, bu da nəticədə həmin məhsulları istifadəçilər üçün daha əlçatan edir. “HTech Invest” şirkəti böyük həcmlərdə məhsulların sifarişçinin tələblərinə uyğunlaşdırılması xidmətini də təklif edir.

Zavodun sifarişçiləri arasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Dövlət Universiteti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi dövlət strukturları, həmçinin iri özəl, o cümlədən, kompüter şirkətləri yer alır.

“HTech Invest” şirkətinin kommersiya direktoru Lətif Məhərrəmov deyir: “COVID-19 pandemiyasının səbəb olduğu çətin vəziyyətə baxmayaraq, biz müsbət əhval-ruhiyyədəyik. Hal-hazırda bizim zavodun 40-a yaxın işçisi var, onlardan çoxu Mingəçevir sakinidir. 2019-2020-ci illərdə zavod xarici bazara çıxdı, öz məhsullarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Gürcüstana ixrac etdi. Bu illər ərzində dövlət büdcəsinə ödənilən verginin həcmi 2 milyon 300 min manatdan çox olub. “HTech Invest” regionun ən böyük vergi ödəyicilərindən biridir. Bizim məqsədimiz zavodumuzun ixrac həcmini artırmaqdır”.

“HTech Invest” şirkəti tərəfindən təşkil edilmiş istehsalat göstərir ki, biznes proseslərə düzgün yanaşma olduqda şirkətlər həm yerli, həm də beynəlxalq bazarda uğur qazanaraq rentabellik və stabilliyə nail ola bilərlər.

APA-Economics

Digər xəbərlər