Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası keçirilir

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası keçirilir
  • Clock-gray 16:24
  • calendar-gray 14 Oktyabr 2019

Bu gün Bakı şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iki gün davam edəcək iclasda BNF-nin üzvü olan ölkələrdən 100-ə yaxın nümayəndə iştirak edir. Sessiya gündəlikdə qoyulan məsələlər üzrə forumun qəbul etdiyi Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti, beynəlxalq avtomobil daşımalarının daha da inkişaf etdirilməsi üçün önəmli layihələrin, Avropa yükdaşımaları bazarının tədqiqi və inkişafı perspektivləri mövzularına, həmçinin “Bakı sessiyası”na qədər keçirilən iclaslarda qəbul edilən qərarların müzakirəsinə həsr olunub.

Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, ilə ölkə iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir, nəqliyyat sektoru, o cümlədən avtomobil nəqliyyatı üzrə fəaliyyət genişləndirilir.

“Təsadüfi deyil ki, Azərbaycan Respublikası bu gün etibarlı tərəfdaş kimi geniş beynəlxalq əməkdaşlığa cəlb olunub və bir sıra iri regional nəqliyyat layihələrinin reallaşdırılmasında fəal iştirak edir. Nəqliyyat sahəsinin inkişafı sayəsində ölkəmiz regionun ən böyük tranzit, logistika mərkəzinə və mühüm nəqliyyat qovşağına çevrilir. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri tamamilə yenidən qurulub və Avropa standartları səviyyəsinə gətirilib” – deyə nazir vurğulayıb.

Ramin Quluzadə çıxışında beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi sahəsində görülmüş işlər barədə geniş məlumat verib.

Nazir eyni zamanda Keyfiyyət Xartiyasının tələblərinin icra vəziyyəti və nəzərdə tutulan tədbirlər planından danışıb.

Reqlamentə uyğun olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Keyfiyyət Xartiyasının tələblərinin icrasına dair son vəziyyətlə bağlı məruzə ilə çıxış edib.

Xüsusi olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il avqustun 28-də “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair imzaladığı mühüm Fərman avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin həyata keçirilməsi zamanı icra mexanizminin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılmasına dair göstərişi özündə ehtiva edir. Məhz avtomobil nəqliyyatı sahəsində beynəlxalq təcrübənin tətbiqinə dair bu tarixi Fərmanın imzalanması, dünyanın qabaqcıl avtomobil nəqliyyatçılarının ən böyük toplantısı və nəqliyyat siyasəti üzrə dialoq üçün qlobal platforması hesab olunan Beynəlxalq Nəqliyyat Forumunun illik “Bakı sessiyası” ərəfəsində Azərbaycanın əməkdaşlıqda beynəlxalq normaların tələblərinə əməl etdiyinə dair ən bariz nümunə oldu.

Xatırladaq ki, Beynəlxalq Nəqliyyat Forumunun 57 üzvü vardır. Azərbaycan Respublikası 1998-ci ilin may ayından bu forumun həqiqi üzvüdür.

Beynəlxalq Nəqliyyat Forumunun əsas məqsədləri foruma üzv ölkələrin beynəlxalq nəqliyyatının effektiv istifadəsi və səmərəli inkişafı üçün tədbirlərin müəyyən edilməsi, üzv ölkələrin milli orqanlarının beynəlxalq nəqliyyat sahəsindəki fəaliyyəti nəzərə alınmaqla beynəlxalq daşımalarla məşğul olan bütün iştirakçıların fəaliyyətinin əlaqələndirilməsi və gücləndirilməsidir.

2015-ci il 26 may tarixində Almaniyanın Leypsiq şəhərində keçirilmiş növbəti sammitdə üzv ölkələrin Beynəlxalq Nəqliyyat Forumunun təsis etdiyi “Çoxtərəfli icazə”lərlə beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtodaşıyıcılara (hüquqi şəxslərə və ya fərdi sahibkarlara), onların məsul şəxslərinə, eləcə də sürücülərinə münasibətdə vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyası qəbul edilib.

Keyfiyyət Xartiyası avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən nəqliyyat vasitələrinin heyətlərinin iş və istirahət rejiminə riayət edilməsini, nəqliyyat müəssisələrinin məsul şəxslərinin və sürücülərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsini, həmçinin hüquqi və ya fiziki şəxslərin, onların məsul şəxslərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsini, eyni zamanda vahid tələblərin pozulmasına görə nəzarət və inzibati praktikanın tətbiq edilməsini nəzərdə tutur.

APA-Economics

Digər xəbərlər

Arxiv

date