Bakıda "Eurasia Innovation Day" tədbiri keçirilir - FOTO

Bakıda "Eurasia Innovation Day" tədbiri keçirilir - FOTO
# 23 oktyabr 2019 10:26 (UTC +04:00)

"InnoWeek – İnnovasiya həftəsi" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Eurasia İnnovation Day" adlı tədbir keçirilir.

"APA-Economics"in məlumatına görə, dialoq platforması rolunu oynayan tədbirdə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovativ fəaliyyətin kütləviləşdirilməsi, innovasiya ekosisteminin formalaşdırılması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra Fərman və Sərəncamlar imzalanmışdır. Nazir müavini bu istiqamətdə imzalanan "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında" Sərəncamın əhəmiyyətini vurğulayıb.

"Sərəncama əsasən, koordinasiya subyektlərində innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslər təyin olunub və hesabatlılıq sistemi formalaşdırılır. Eyni zamanda aidiyyəti koordinasiya subyektlərinin idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olması, illik mənfəətlərinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Həmçinin, Azərbaycanın innovasiya strategiyasının layihəsinin hazırlanması tapşırığı da ölkəmizdə innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir", - deyə E. Vəlizadə qeyd edib.

"Eurasia Innovation Day" çərçivəsində 3 panel təşkil olunacaq.

"Rəqəmsal əlaqə" adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılacaq.

İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib.

Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR