Kosmik fəaliyyətə nəzarət qaydası müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.
Bu Qanunla kosmik fəaliyyət subyektlərinin Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət edilir. Həmin kosmik obyektlərinin idarə edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
Layihəyə əsasən, kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsi və həmin fəaliyyətə texniki nəzarət milli kosmik operator tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi Azərbaycan Respublikasından kənarda kosmik obyekt üzərində əmlak hüququnu əldə edənədək bu barədə milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməlidir. Azərbaycan Respublikasından kənarda kosmik obyektin istehsalını sifariş etmiş Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi sifariş verdiyi andan 30 (otuz) gün müddətində bu barədə milli kosmik operatora yazılı məlumat verməlidir.
Kosmik fəaliyyət və kosmik sənaye sahələrində dövlət sirri, kommersiya sirri və konfidensial məlumatlar qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qorunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.