Parklanma yerlərində elektromobillər üçün enerjidoldurma məntəqələri yaradılacaq

Parklanma yerlərində elektromobillər üçün enerjidoldurma məntəqələri yaradılacaq
# 07 yanvar 2022 17:59 (UTC +04:00)

Azərbaycanda elektrik mühərrikli avtonəqliyyat vasitələrindən istifadə üzrə infrastruktur genişləndiriləcək.

APA-Economics”in xəbərinə görə, bu, “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub.

Belə ki, bu ilin iyun ayının 1-dək, parklanma yerlərində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrinin (EDM) yaradılması, elektrik mühərrikli avtomobillərin parklanma yerlərindən güzəştli istifadəsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.

Müvafiq təkliflərin hazırlanması Bakı Nəqliyyat Agentliyinə, Daxili İşlər Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Energetika Nazirliyinə, “Azərişıq” ASC-yə, Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunub.

Oktyabrın 1-dək elektrik enerjisi təchizatçısı tərəfindən EDM-lərə elektrik enerjisinin satışı qiymətlərinin tənzimlənməsi, o cümlədən gecə-gündüz tariflərinin tətbiq edilməsi məsələsi nəzərdən keçiriləcək.

EDM-lərin şəbəkəyə qoşulması üzrə texniki şərtin verilməsi və müvafiq qoşulmanın təmin edilməsi prosesinin sadələşdirilməsi və bu sahədə qoşulma haqqının aşağı salınması imkanlarının araşdırılmasına dair iyunun 1-dək təkliflər hazırlanacaq. Dekabrın 1-dək isə EDM-lər haqqında məlumatları interaktiv xəritə üzərində əks etdirən internet informasiya ehtiyatı (mobil əlavə də daxil olmaqla) yaradılacaq.

Bununla yanaşı noyabrın 1-dək bu tipli nəqliyyat vasitələrinin ödənişli yollardan ödənişsiz (və ya diskontlu ödəniş) əsasda istifadə imkanları araşdırılaraq təkliflər hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR