Sentyabrda Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,9% yüksəlib

Sentyabrda Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,9% yüksəlib
# 22 oktyabr 2008 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2008-ci ilin avqust ayına nisbətən 0,9%, yanvar-sentyabr aylarında 2007-ci ilin analoji dövrünə nisbətən isə 21,5% bahalaşıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri əvvəlki aya nisbətən 1,1% bahalaşıb. Ay ərzində «Qənd, cem, bal, şokolad və konfetlər» qrupu məhsullarının qiymətləri 2,8%, «Yağ və piylər» qrupu üzrə 0,3%, «Qəhvə, çay, kakao» üzrə 1,5%, «Ət məhsulları» üzrə 0,6%, «Balıq məhsulları» üzrə 3%, «Süd məhsulları, pendir və yumurta» üzrə 2,4%, «Pivə» üzrə 0,2%, «Tərəvəz» üzrə 3,4%, «Spirtli içkilər» üzrə 0,4%, «Tütün» qrupu məhsullarının qiymətləri 0,1% bahalaşıb.
Bununla yanaşı, «Meyvə» qrupu məhsullarının qiymətləri 0,2%, «Çörək məmulatları və yarmalar» isə 1% ucuzlaşıb.
Cari ilin sentyabr ayında «Zərgərlik məmulatları» qrupu mallarının qiymətləri 0,2% ucuzlaşıb, «Parçalar» qrupu mallarının qiymətləri 0,4%, «Geyim» 0,7%, «Ayaqqabı» 0,5%, «İnşaat materialları» 0,5%, «Dəftərxana ləvazimatları və şəkil çəkmək üçün ləvazimatlar» 1,2%, «Dərmanlar» 1,4% bahalaşıb və bunun nəticəsində qeyri-ərzaq mallarının qiymət indeksi ümumilikdə 100,6% təşkil edib.
Ay ərzində hava sərnişindaşıma xidmətinin, xəstəxana xidmətlərinin qiymət və tarifləri ucuzlaşıb, paltarların təmiri, kişi şalvarının tikilişi, ayrı-ayrı ev sahiblərinin mənzillərinin icarəsi, elektrik, xarrat və rəngsaz xidmətləri, mebel təmiri, məişət avadanlıqlarının təmiri, təhsil haqları və tariflərin bahalaşması nəticəsində əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarif indeksləri 100,9% təşkil edib.
Cari ilin sentyabr ayında istehlak qiymətlərinin bazis indeksi əvvəlki ayla müqayisədə 100,9%, yanvar-sentyabr aylarında isə 2007-ci ilin analoji dövrünə nisbəti 122,9% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR