Yanvar-avqust aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 69%, xərcləri isə 72% artıb

Yanvar-avqust aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 69%, xərcləri isə 72% artıb
# 23 oktyabr 2008 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 68,7% artaraq 6 685,7 mln. manata, xərcləri isə 72% artaraq 5 828,2 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcənin icrasında yaranan 857,5 mln. manatlıq profisit ümumi daxili məhsulun 3,3%-ni təşkil edib.
Gəlirlərin 60%-i (4 009,4 mln. manatı) Vergilər Nazirliyi, 11,1%-i (744,5 mln. manatı) Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, büdcə proqnozu isə bu təşkilatlar tərəfindən müvafiq olaraq 108% və 100,3% səviyyəsində yerinə yetirilib.
Gəlirlərin 1 228,5 mln. manatı və ya 18,4%-i əlavə dəyər vergisi, 2 213,2 mln. manatı (33,1%-i) hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 392,8 mln. manatı (5,9%-i) fiziki şəxslərin gəlir vergisi, 289,7 mln. manatı (4,3%-i) aksiz vergisi, 293,1 mln. manatı (4,4%-i) isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.
Büdcə xərclərinin 2 994,9 mln. manatı (51,4%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 544 mln. manatı (9,3%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 553,4 mln. manatı (9,5%-i) isə təhsilin maliyyələşdirilməsinə sərf edilib.
Xərclərin 23,7%-ni (1 380,1 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR