Azərbaycanda inflyasiya əhalinin əmanət və kredit əməliyyatlarına təsir göstərib

Azərbaycanda inflyasiya əhalinin əmanət və kredit əməliyyatlarına təsir göstərib
# 23 oktyabr 2008 12:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank depozitlərinin faiz dərəcələri cari inflyasiyanın səviyyəsindən aşağı olduğuna görə, əhalinin əmanətlərinin real alıcılıq qabiliyyəti aşağı düşür. «APA-Economics»in məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında yerləşdirilən depozitlərin orta faiz dərəcəsi 12,7% olduğu halda, illik inflyasiya 21,5%-dir. Bu tarazsızlıq artıq iki ilə yaxındır davam edir.
Xatırladaq ki, Azərbaycanda inflyasiyanın kəskin artması məhz 2007-ci ilin əvvəlindən müşahidə olunur. Azərbaycan Milli Bankının məlumatlarına əsasən, buna baxmayaraq, ötən dövr ərzində depozitlərin həcmləri üzrə hər hansı ciddi dəyişiklik baş verməyib. Yəni, inflyasiyanın depozitlərin gəlirliyini üstələməsi əmanətlərin banklardan geri götürülməsinə səbəb olmayıb. Əksinə, 2007-ci ildə banklarda olan əmanətlərin həcmi 79% artıb. Bu ilin 8 ayı ərzində isə artım 24%-ə bərabər olub. Beləliklə, inflyasiyanın iqtisadi təsiri artıq öz nəticəsini göstərir - əhali banklara əmanət şəklində qoya biləcəyi sərbəst pulları qiymətlərin artması səbəbindən istehlak edir və ya digər aktivlərin alınmasına yönəldir.
Depozitlər üzrə gəlirliyin inflyasiyadan aşağı olması şəraitində əmanətlərin həcminin artımasının əsas səbəbi hazırda ölkənin maliyyə bazarında sərbəst vəsaitlərin qoyulması üçün alternativ maliyyə alətlərinin çatışmazlığı ilə bağlıdır. Nəticədə, sərbəst pulların bir qismi inflyasiyadan qorumaq məqsədi ilə digər sahələrə, o cümlədən daşınmaz əmlakın alınmasına yönəldilir.
Eyni zamanda, inflyasiyanın yüksək olması fonunda əhali çox fəal istehlak kreditlərindən istifadə edir. Məsələn, istehlak kreditlərinin artımı 2007-ci ildə 2,1 dəfə, 2008-ci ilin 8 ayında 45% təşkil edib. Bu tam başa düşüləndir, çünki yüksək inflyasiya şəraitində kredit götürmək və onun hər hansı əmlakın alınmasına yönəltmək əlverişlidir. Belə ki, inflyasiya səviyyəsi depozitlərdən başqa, həm də kreditlərə təsir edərək, onların alıcılıq qabiliyyətini azaldır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR