Rusiyanın fond bazarında müşahidə olunan gərginlik «ABB-Moskva» bankına təsir etməyib

Rusiyanın fond bazarında müşahidə olunan gərginlik «ABB-Moskva» bankına təsir etməyib
# 23 oktyabr 2008 15:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya maliyyə böhranının nəticəsi olaraq Rusiya fond bazarında müşahidə edilən qeyri-sabitlik, kotirovkaların kəskin azalması «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankına təsir etməyib. «APA-Economics»in məlumatına görə, bunu «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.
F.Abdullayev vurğulayıb ki, bankın siyasəti əsasən Azərbaycanla Rusiya arasında ticarət əlaqələrinin dəstəklənməsidir və bankın aktivlərinin strukturu məhz buna uyğun formalaşıb. Hazırda «ABB-Moskva»nın qiymətli kağızlara investisiyaları sıfır səviyyəsindədir. Aktivlərin 50%-dən çoxunu kreditlər təşkil edir, bunun da əsas hissəsi ticarətin maliyyələşdirilməsi, Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının kreditləşdirilməsinin payına düşür.
F.Abdullayevin sözlərinə görə, hazırda bankın aktivlərinin həcmi 10 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl, kapitalı isə 2 mlrd. rubl təşkil edir.
Xatırladaq ki, «ABB-Moskva» bankı 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi kimi yaradılıb və Rusiyada bütün bank əməliyyatlarının aparılması üçün baş lisenziyaya malikdir.
Qeyd edək ki, Moskvadan başqa ABB-nin törəmə bankı Gürcüstanda («ABB-Gürcüstan») fəaliyyət göstərir, həmçinin Qazaxıstan və Ukraynada analoji törəmə bankların açılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR