Azərbaycan əhalisi gəlirlərinin 2/3-ni mal və xidmətlərə xərcləyir

Azərbaycan əhalisi gəlirlərinin 2/3-ni mal və xidmətlərə xərcləyir
# 24 oktyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan əhalisinin sərəncamında 4,5 mlrd. manata yaxın sərbəst pul vəsaiti toplanıb. «APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin müvafiq 9 aylıq statistik hesabatında bildirilir.
Belə ki, hesabat dövründə əhalinin gəlirlərinin həcmi 14 558 mln. manat, pərakəndə ticarət dövriyyəsi 7 724 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 2 344 mln. manat təşkil edib. Nəticədə, bu xərclərdən sonra əhalidə 4 490 mln. manat həcmində vəsait qalıb.
Qeyd edək ki, pul gəlirləri əhalinin dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarında, habelə ictimai təşkilatlarda aldığı əmək haqqı, mükafat, məzuniyyət xərcləri, kənd təsərrüfatı məhsullarının satışı və digər satış mənbələrindən daxilolmalar, habelə pensiya, müavinət, təqaüd, maliyyə sistemlərindən daxilolma qaydasında faktiki olaraq aldığı pul gəlirləri hesabına formalaşır. Bu zaman təkcə nağd pulla deyil, hətta nağdsız köçürmələrlə əhaliyə çatan pul daxilolmaları nəzərə alınır.
Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi əhaliyə şəxsi tələbat və ya ev təsərrüfatında istifadə etmək üçün nağd pula satılmış istehlak mallarının dəyərini əks etdirir. Bu göstərici mövcud hesabatlara əsasən, bütün mülkiyyət və təşkilati-hüquqi formalarından olan, rəsmi qeydiyyatdan keçmiş pərakəndə ticarət və iaşə müəssisələri, bilavasitə sənaye və digər müəssisə və təşkilatlar vasitəsi ilə əhaliyə satılmış ərzaq və qeyri-ərzaq mallarının cəmi, həmçinin hüquqi şəxs yaratmadan vergi orqanlarında qeydiyyatdan keçmiş sahibkarlıqla məşğul olan fiziki şəxslərin əhaliyə satdığı əmtəələr kimi hesablanır.
Xidmətlərə gəldikdə, əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcmi xidmət müəssisələrinin öz gücü ilə əhaliyə göstərilmiş xidmətlər üçün bütün vasitələrlə ödənilmiş pulun cəmi ilə ifadə edilir. Beləliklə, pərakəndə əmtəə dövriyyəsi və xidmətlər əhalinin əsasən ilkin tələbatını əks etdirir.
Əlavə olaraq, yanvar-sentyabr aylarında əhali tərəfindən 455 mln. manat məbləğində gəlir vergisi ödənilib. Bundan başqa, əhali tərəfindən banklara qoyulan əmanətlər (yanvar-avqust ayları) 327 mln. manat, əsas kapitala investisiyalar isə 201 mln. manat təşkil edib. Nəticədə, əhalinin sərəncamında qlan sərbəst pul vəsaitlərinin həcmi təxminən 3,4 mlrd. manata (ümumi gəlirin 23%-i) bərabər olur. Bu həcmin tərkibinə isə əhali tərəfindən kommunal ödənişlərə yönəldilən, qeyri-rəsmi ticarətdə özünü büruzə verərək, Statistika Komitəsinin pərakəndə əmtəə və xidmətlər üzrə hesabatlarında əks olunmayan, daşınmaz əmlak bazarına yönəldilən, ölkədən xaricə çıxarılan, əvvəllər alınmış ssudaların ödənilməsinə yönəldilən və yığımlar şəklində əhalinin sərəncamında qalan pullar daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR