Aİ və AYİB-in Azərbaycanla bağlı birgə sənədi müzakirə edilib

Aİ və AYİB-in Azərbaycanla bağlı birgə sənədi müzakirə edilib
# 05 oktyabr 2022 17:57 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə onlayn görüş keçirib.

Bu barədə "APA-Economics"ə İİTKM-dən bildirilib. Məlumata görə, AYİB-in rəqabət qabiliyyətli idarəetmə və siyasi məsələlər üzrə baş müşaviri Kristin Heydon, beynəlxalq təşkilatın məsləhətçilər Lizaveta Traxalina və Nikola Liparinin də iştirak etdiyi görüş zamanı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda biznes və investitiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, əldə olunan nəaliyyətlər və islahatlar barədə məlumatlar verib. Eyni zamanda bu istiqamətdə növbəti 5 illik dövr üçün ölkənin inkişaf strategiyasında qəbul etdiyi hədəf indikatorları və icrasını təmin edən praktiki yanaşmaları qeyd edib.

Görüşdə Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsi olan “Ölkə üzrə investisiya mühitinin icmalı və fəaliyyət planları” sənədi müzakirə olunub. Hazırda Azərbaycan hökuməti ilə növbəti məsləhətləşmələr raundunda olan sənədin məqsədi biznes mühitinin təkmilləşdirilməsi üçün həyata keçirilə bilən islahatlar və potensial texniki yardım fəaliyyətləri üçün prioritet sahələrin müəyyən edilməsi olub.

İİTKM-in departament rəhbərləri Rəşad Hüseynov və Vüsalə Cəfərovanın da iştirak etdiyi onlayn görüşdə Vüsal Qasımlı beynəlxalq mütəxəssislərin suallarını da cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR