Azərbaycan Beynəlxalq Bankı "Sahibkart"dan istifadə imkanlarını asanlaşdırıb

Azərbaycan Beynəlxalq Bankı "Sahibkart"dan istifadə imkanlarını asanlaşdırıb
# 19 iyul 2019 15:40 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyətinə dəstək məqsədilə “Sahibkart” məhsulundan istifadə imkanlarını asanlaşdırıb. İndi hər bir fərdi sahibkar Azərbaycan Beynəlxalq Bankının onlara özəl hazırladığı kart məhsulu – “Sahibkart”ı əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri “Sahibkart”la hesabını çox asan şəkildə idarə edə bilər. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar. Sahibkarlar bu kartlarla indi Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən, yaxud bankın xidmət ofislərindəki POS terminallarından bir ay ərzində 15 min manata qədər vəsait nağdlaşdıra bilərlər.

Həmçinin Azərbaycan Beynəlxalq Bankının digər plastik kartlarında tətbiq olunan İnternet Bank xidmətinə “Sahibkart”la da qoşulmaq mümkündür. “Sahibkart” əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.

“Xüsusilə kiçik və orta sahibkarlar “Sahibkart”ın üstünlüklərindən faydalanaraq vaxt itirmədən hesablarındakı vəsaitdən həm nağd, həm də nağdsız qaydada istifadə edə biləcəklər. Kiçik və orta sahibkarlarımızı filiallarımızdan “Sahibkart” əldə edib bu imkanlardan yararlanmağa çağırırıq”, - deyə Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR