AzFina: Fintexlərlə bağlı qanun layihəsinin qəbuluna ehtiyac yaranıb - MÜSAHİBƏ

AzFina: Fintexlərlə bağlı qanun layihəsinin qəbuluna ehtiyac yaranıb - MÜSAHİBƏ
# 13 iyul 2022 11:54 (UTC +04:00)

APA-Economics” Azərbaycanda fintex (bank olmayan maliyyə xidmətləri təklif edən şirkətlər) bazarında son durum, problem və yenilikləri Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İcraçı Direktoru Azər Əkbərovla müzakirə edib:

- Azər bəy, bu yaxınlarda Bakıda “Fintex Summit” keçirildi və xarici fintex şirkətlərinin Azərbaycan bazarına ciddi marağı hiss olunurdu. Hazırda Azərbaycan fintex bazarında vəziyyət necədir?

- Bilirsiniz ki, Azərbaycan Fintex Assosiasiyası yerli ictimai birlikdir və 2020-ci ilin sonunda 6 şirkət tərəfindən təsis olunub. Əsasən bazarda qabaqcıl fintexlər tərəfindən, bank olmayan maliyyə xidmətləri təklif edən şirkət tərəfindən yaradılıb. Hazırda 10 üzvümüz var. Bazarda ümumiyyətlə fintex sahəsində, fintex fəaliyyəti ilə məşğul olan 20-25 şirkət mövcuddur. Bunlardan 10-u Azərbaycan Fintex Assosiasiyasının üzvüdür. Bu, ən böyük və orta miqyaslı şirkətlərdir. Demək olar ki, bazarın 80%-nə yaxın biznes yönümlü üzvlərimizdir. Əsas məqsədimiz, bu şirkətləri bir platforum üzərində birləşdirmək, fəaliyyətlərinin təşkil olunması, inkişaf etməsi, onlar üçün dialoq platforması kimi fəaliyyət göstərməsinə hərtərəfli dəstək olmaqdır. Buna dövlət qurumları və digər təşkilatlar qarşısında üzvlərin maraqlarının qorunması, lobbiçilik fəaliyyəti və həmçinin, bununla yanaşı müxtəlif tədbirlərin keçirilməsi də daxildir. AzFina Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, beynəlxalq kart təşkilatları -Visa, Mastercard və yerli təşkilatlarla əməkdaşlıq edir. Dediyim kimi, məqsədimiz fintex təşkilatların əməkdaşlarına dəstək olmaqdır.

- Fintex şirkətlərinin fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi planlaşdırılırmı?

- Hazırda Azərbaycan Mərkəzi Bankı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi barədə aktiv müzakirələr və görüşlər davam edir. Qanunun qəbul ediləcəyi gözlənir. Əsas məqsədimiz odur ki, bu qanunda fintex şirkətlərinin maraqları qorunsun, onların inkişaf etməsinə zəmin yaradılsın.

- Hansı məsələlərin qanunda əksini tapmasını istəyirsiniz?

- Burada bir çox nüans var. Əsas məsələ odur ki, fintex təşkilatlarına fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərə, bizneslərə hərtərəfli xidmət göstərilməsinə şərait yaradılsın. Vergi sahəsində müxtəlif preferensiyalar, güzəştlər tətbiq edilsin. Fintex şirkətlərinin təklif etdiyi xidmətlər maliyyə xidmətləri olaraq nəzərə alınmalı və əlavə dəyər vergisindən azad olunmalıdır. Bununla yanaşı, fintex şirkətlər bankların təklif etdiyi geniş spektirdə xidmətlər təklif edə bilsinlər, banklarla rəqabət qabiliyyətini artıra bilsinlər. Çünki hazırda bazarda əsas maliyyə xidmətlərini təklif edən banklardır. Banklar həm kredit verə, həm depozit cəlb edə bilirlər, həmçinin fintexlərin təklif etdiyi ödənişləri, köçürmələri və bu kimi xidmətləri təklif edirlər. Bu sahədə fintexlərin imkanları biraz məhduddur. Fintex şirkətlərinin açıq bankçılıq modeli üzrə API standartlarının tətbiqi üzrə gözləntiləri böyükdür. Yəni, banklar öz API-larını bank olmayan maliyyə təşkilatlarına açsalar, fintexlər öz müştəri bazalarını genişləndirə, xidmət və məhsul çeşidini artıra bilərlər.

- Daha dəqiq, banklar hansı məlumatları fintexlərlə paylaşmalıdır?

- Məsələn, bəzi fintexlərin mobil pul qabları mövcuddur. Müştərilər orada bank kartlarını saxlaya bilir və mobil tətbiqdən istifadə edərək bank kartı üzərindən ödəniş edir. Hazırda isə demək olar ki, bütün tətbiqlərdə bank kartının məlumatları əks olunmayıb, yəni müştəri kartının balansında nə qədər məbləğin olduğunu, kart üzərindən ödəniş etdikdə həmin əməliyyatların tarixçəsini görə bilmir. Banklar bu kimi məlumatları fintexlərlə paylaşsalar, mobil tətbiqlərə, elektron pulqabılardan istifadəyə maraq arta bilər.

- Azər bəy, banklarla rəqabət deyəndə nəyi nəzərdə tutursunuz?

- Rəqabətdən daha çox əməkdaşlıq fintexlər üçün yeni imkanlar açır. Amma biznes böyüdükcə fintexlərin də marağı odur ki, banklarla hətta rəqabət də edə bilsinlər. Daha çevik, bazara yeni xidmətləri çıxara bilsinlər. Banklar infrastruktur baxımından böyük qurumlar olduğu üçün fintexlərlə müqayisədə çeviklik daha aşağıdır. Ona görə onlara maraqlıdır ki, fintexlərlə işləyərək yeni xidmətləri bazara operativ çıxara bilsinlər.

- “Fintex Summit”ində maliyyə təşkilatları, banklar və digər şirkətlərlə görüşlər keçirdiniz. Bu təşkilatlarla əməkdaşlıq sizə hansı töhfələri verəcək?

- Dediyim kimi əsas məqsəd odur ki, fintexlər banklarla daha sıx kommunikasiya yarada bilsin və inteqrasiya olunsun, birgə hansısa layihələr həyata keçirsinlər, məhsullar ortaya çıxara bilsinlər. Qeyd edim ki, fintexlər mobil tətbiqlər, onlayn platformalar üzərindən əlavə sığorta xidmətləri, “bancassurance” məhsulları da təklif edə bilər.

- Azərbaycanda fintexlərin fəaliyyətini tənzimləyən qanunun olmaması bu bazarda hansı problemləri yaradır?

- Hazırda fintex sahəsini tənzimləyən qanun olmadığı üçün bütün şirkətlər öz bizneslərinə, texniki imkanlarına uyğun olaraq onlayn və oflayn identifikasiya keçirirlər, video zəng və ya kuryer göndərməklə yerində identifikasiya edirlər. Bu proses qanunla tənzimlənsə, müəyyən standartlar tətbiq edilsə proses daha da operativləşə bilər və fintex şirkətləri də qaydalara riayət etmiş olarlar.
Hazırda Azərbaycan Mərkəzi Bankı ilə AzFina elektron KYC ( Öz müştərini tanı) layihəsi üzərində işləyir. Yəni, müştəri hər hansı bir ofisə getməyərək, kağız sənədlərdən azad olur. Onlayn müraciət edərək bir dəfə sistemdə identifikasiya olunur. Bir data bazadan isə digər şirkətlər də istifadə etmə imkanı əldə edir. Müştəri növbəti dəfə başqa şirkətdən istifadə edəndə ona aid məlumatlar dərhal sistemdə görünür və buna uyğun olaraq daha operativ xidmət göstərilə bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR