“Biz Bakı-Tbilisi-Qars dəmiryolu (BTQ) layihəsini tamamlamaq üçün çox aktiv şəkildə birlikdə işləməliyik. Gürcüstan tərəfi buna hazırdır. Ümid edirəm ki, tezliklə BTQ ilə bağlı bütün işləri tamamlayacağıq”.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının Baş katibi Zviad Çumburidze deyib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan tərəfi layihə ilə bağlı işləri tamamlamağa hazırdır.
Baş katib Gürcüstanın BTQ-ni tamamlaması üçün kreditə ehtiyacının olması ilə bağlı məsələyə də münasibət bildirib: “Bu, mövzu Azərbaycan və Gürcüstanın səlahiyyətli şəxslərinə aiddir. Əgər ehtiyac olsa, ümid edirəm ki, hər iki tərəf bununla bağlı qərar qəbul edəcək”.
Z.Çumburidze qeyd edib ki, Azərbaycan-Gürcüstan və Türkiyə mövcud əməkdaşlıqlarını genişləndirməyə çalışırlar.
"Üç ölkə arasında əməkdaşlıq Aİ-Gürcüstan Biznes Şurası tərəfindən dəstəklənir. Çünki biz anlayırıq ki, bu əməkdaşlıq ölkələr üçün çox vacibdir. Biz bütün vasitələrlə bir yerdə olmalıyıq", - deyə Baş katib əlavə edib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu (BTQ) xəttinin Gürcüstan hissəsində işlərin tezliklə tamamlanması məsələsi iyunun 27-də Bakıda Türkiyə, Qazaxıstan və Azərbaycan arasında imzalanan Bakı Bəyannaməsində də yer alıb.