Ekspert: Kiçik və orta şirkətlər icbari avtosığorta bazarından çıxacaq

Ekspert: Kiçik və orta şirkətlər icbari avtosığorta bazarından çıxacaq
# 19 yanvar 2023 12:48 (UTC +04:00)

Avtomobillərin icbari sığortası üzrə zərərliliyin artması sığorta şirkətlərinin maliyyə sağlamlığına mənfi təsir edə bilər.

Bunu "APA-Economics"ə açıqlamasında sığorta eksperti İlkin Nəcəfov deyib. Ekspert bildirib ki, 2022-ci il 11 ayın nəticələrinə görə, avtomobillərin icbari sığortası üzrə 102,2 milyon manata yaxın sığorta haqqı yığılıb, 82,3 milyon manat sığorta ödənişi həyata keçirilib. Başqa sözlə, zərərlilik 80,5% təşkil edib. Buraya İcbari Sığorta Bürosuna ödənilən 5%-lik xərc də əlavə edilsə, bu rəqəm 85.5%-ə yüksəlir. Sığorta şirkətlərinin inzibati, işlərin görülməsi xərcləri (ofis, əmək haqqı, zərərlərin tənzimlənməsi və s xərcləri) də cəmlənəndə avtomobillərin icbari sığortası üzrə zərərlilik 100%-i keçir.

"Oktyabr ayına kimi, risk əsaslı yeni, qalxmış sığorta haqqlarına qədər orta zərərlik faizi 85-86% arasında dəyişib. Bu isə o deməkdir ki, sığorta haqqının hesablanmasında yeni yanaşma zərərliliyi cəmi 5% azaldıb" - deyən ekspert qeyd edib ki, proses belə davam etməyəcək, kiçik və orta sığorta şirkətləri avtomobillərin icbari sığortasından könüllü qaydada imtina edəcəklər.

İlkin Nəcəfov hesab edir ki, proses həmçinin digər 2-3 şirkətin maliyyə sağlamlığını ciddi təhlükə altına salacaq: "Qısamüddətli, nəticəyə hədəflənən inzibati tədbirlər maksimum yaxın aylar üçün problemi arxa plana keçirə bilər, bir neçə aydan sonra problem daha kəskin şəkildə qabaracaq, radikal, böyük ehtimalla cari qanunvericiliyə dəyişikliklər edilməsinə kimi gedib çıxacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR