Hesablama Palatasının sədri: DSMF-nin büdcəsinin büdcə sisteminə daxil olmaması tənzimləmələrə şərait yaratmır

Vüqar Gülməmmıdov, Hesablama Palatasının sədri

© APA | Vüqar Gülməmmıdov, Hesablama Palatasının sədri

# 17 noyabr 2022 20:13 (UTC +04:00)

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu büdcə sisteminə daxil olan büdcələr üzrə bir sıra tənzimləmələri özündə saxlayır. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin büdcə sisteminə daxil olmaması bu tənzimləmələrin Fondun büdcəsinə münasibətdə tətbiqinə şərait yaratmır”.

APA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun büdcədənkənar dövlət fondlarının 2023-cü il üçün büdcələri ilə bağlı Milli Məclisin plenar iclasında çıxışında bildirib.

Vüqar Gülməmmədov deyib ki, qanunda növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilərlə bağlı xüsusi maddə olsa da, büdcədənkənar dövlət fondlarının büdcə qanunları ilə bağlı belə tələb yoxdur: “Artıq uzun illərdir ki, fondun büdcəsi eyni formatda tərtib edilir və bəzi istiqamətlər üzrə fəaliyyətlər bu qanunda əks etdirilmir. Xüsusilə qalıqların istifadəsi və dövlət öhdəliklərinin məbləği ilə bağlı hər hansı bir məlumat layihəyə, o cümlədən izahata daxil olunmayıb. Təqdim edilən qanun layihəsində DSMF-nin hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı maddə var. Lakin diqqətdə saxlamaq lazımdır ki, hesabda qalan vəsaitin formalaşması səbəbinin nə olmasından asılı olmayaraq bu vəsait dövlətin uzunmüddətli öhdəliyidir. İstər proqnozların dəqiq tərtib edilməməsi, istərsə də, iqtisadiyyatın şəffaflaşmasından və inzibatçılığın gücləndirilməsindən gəlirlərin artıq və ya xərclərin az icra edilməsi nəticəsində yaransa da, formalaşan qalıq məbləği vətəndaşın sosial sığorta hadisəsi müqabilində ödəniş almaq üçün ödənilən haqların məcmusudur. Bu vəsaitin cari dövrdə digər istiqamətə yönəldilməsi haqq-öhdəlik zəncirinin qırılması ilə Fondun, deməli, dövlətin yeni öhdəliklərinin yaranmasına gətirib çıxara bilər. Cari ilin sonuna qalıqların 1,0 mlrd. manatdan yuxarı həddə olacağı gözlənilir ki, bu da növbəti il üçün proqnozlaşdırılan məcmu gəlirlərin 17,1%-i həcmindədir. Fondun ilin əvvəlinə xəzinə hesabında qalığının növbəti ildə xərclərin maliyyələşdirilməsinə yönəldildiyini diqqətə alaraq Hesablama Palatası Fondun gələcək dövrdə maliyyə dayanıqlılığının təmin olunması məqsədilə dövlət öhdəliyinin dəqiqləşdirilməsi şərti ilə sığorta ehtiyatı kimi istifadəsi ilə bağlı hüquqi tənzimlənmənin yaradılmasına zərurət olması qənaətindədir. Hesablama Palatası dövlət büdcəsində olduğu kimi, büdcədənkənar dövlət fondlarının büdcə layihələrini müşayiət edən sənədlərin çeşidinin artırılması, həmin sənədlərin məzmununa tələblərin müəyyən edilməsi tərəfdarıdır. Cari büdcə zərfinə əlavə edilən izahatın məzmunu və həcmi büdcə barədə ətraflı araşdırmaların aparılmasına tam imkan vermir. Qarşılıqlı əməkdaşlıq əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən təqdim olunan məlumatlar Hesablama Palatasına daha ətraflı rəyi millət vəkillərinə təqdim etməyə şərait yaradır”.

Hesablama Palatasının sədri qeyd edib ki, məcburi dövlət sosial sığorta haqlarının tərkibində xüsusi potensial qeyri-büdcə sektoruna aiddir: “Bu sektordan daxilolmalar üzrə cari ilin gözlənilən icra göstərici ilə müqayisədə artım tempinin orta aylıq əmək haqqının proqnozlaşdırılmış artım tempindən az nəzərdə tutulması, eləcə də 2022-ci ilin sonuna bu mənbə üzrə gəlirlərin artıqlaması ilə icra edilməsi qeyd edilən sektor üzrə mövcud 10% həcmdə potensialın tam nəzərə alınmadığı qənaətini formalaşdırıb. Növbəti ildən daha bir istiqamət yaranır və bu, qeyri-dövlət sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının bəzi kateqoriyalı podratçılar üzrə subsidiyalaşdırılması mexanizminin tətbiqinin nəzərdə tutulmasıdır. Qənaətimizcə, dövlət büdcəsi ilə yanaşı Fondun bu mənbə üzrə gəlirlərində proqnozlaşdırılmış subsidiya məbləğinin ayrı istiqamət üzrə göstərilməsi icra prosesində vəsaitlərin təyinatı üzrə istifadəsi, dövlət vəsaitləri üzərində hesabatlılıq və şəffaflıq prinsiplərinin, eləcə də nəzarət mexanizmlərinin tətbiqinə şərait yaratmış olar. Bu, həmçinin, nəzərdə tutulmuş göstəricilərin əsaslılığının və dövlət vəsaitlərinin nəticəliliyinin ədalətli qiymətləndirilməsi, icmal büdcə üzrə maliyyə əməliyyatlarının müqayisəsi və dövlət vəsaitləri üzərində nəzarət imkanlarını genişləndirər. Növbəti ildə əhaliyə ödənişlərin cari illə müqayisədə artımla proqnozlaşdırılması fonunda bu ödənişlərin digər struktur elementi olan məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinin azalma ilə nəzərdə tutulması artımın bütünlüklə pensiya xərclərini əhatə edəcəyini göstərir ki, bu da pensiyaçıların rifah halının qorunması və gücləndirilməsi istiqamətində müsbət rol oynayacaq.”.

Vüqar Gülməmmədov nəzərə çatdırıb ki, bu il təqdim olunan rəydə ilk dəfə olaraq pensiya sisteminin dayanıqlılığı ilə bağlı bölmə də əks etdirilib. Həmin bölməyə beynəlxalq təcrübədə tətbiq edilən bir sıra göstərilər barədə məlumatlar və xarici ölkələrlə müqayisələr daxil olunub: “Bu, millət vəkillərinə Fondun büdcəsinin müzakirəsində yardımçı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR