“Qarşılıqlı qüvvədə olan sanksiyaların sayı hazırda 47-dir. Bu sanksiyaların 43-ü Rusiya-Ukrayna müharibəsi başlayandan tətbiq edilir”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, dünyada inflyasiya gedir: “Bir çox ölkə iqtisadi böhrandan yan keçmək üçün inflyasiyanı seçir. Çünki ya iqtisadi böhran olmalıdır, ya inflyasiya...”
Komitə sədri Azərbaycanda olan vəziyyətə də diqqət çəkib: “Keçən 9 ay ərzində qeyri-neft ixracı Azərbaycanda artıb. Bu il ərzində azad olmuş ərazilərin bərpası üçün nəhəng layihələr davam etdirilib. İndiyə qədər büdcədən bu istiqamətə 4 milyard manatdan artıq vəsait ayrılıb. Azərbaycan açıq büdcə indeksində ən çox irəliləyən ölkələr sırasındadır. 2023-cü ildə bizi ciddi çağırışlar gözləyir. Hədəflərin və çağırışlara cavab vermək üçün imkanlarımız mövcuddur. Azərbaycan iqtisadiyyatında şəffaflığın artması qarşımızda duran əsas vəzifələrdən biridir. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır. Büdcədə xeyli yeniliklər var”.