ABŞ-ın büdcə kəsiri ölkə tarixində yeni antirekord vurub

ABŞ-ın büdcə kəsiri ölkə tarixində yeni antirekord vurub
  • Clock-gray 18:15
  • calendar-gray 19 Oktyabr 2020

2020-ci maliyyə ili ərzində ABŞ-ın büdcə kəsirinin həcmi ÜDM-in 15,2%-ə çatıb. Bu, 1945-ci ildən bəri rekord göstəricidir. ABŞ-da maliyyə sentyabrın 30-da aşa çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, pul ifadəsində büdcə kəsiri 3,132 trln. dollara çatıb. Müqayisə üçün, 2008-2009-cu illərin maliyyə böhranı zamanı bu rəqəm 1,413 trln. dollar (ÜDM-in 9,8%-i) təşkil edib. Maraqlısı odur ki, maliyyə ilinin birinci yarısında ABŞ-ın büdcə kəsiri illik ifadədə 8% (52 mlrd. dollar), ikinci yarısında isə 715% (2,1 trln. dollar) artıb.

"Büdcə kəsiri koronavirus pandemiyasının yaratdığı böhran şəraitində iqtisadiyyatı dəstəkləməyə yönəlmiş dövlət xərcləri səbəbindən artıb. Bundan əlavə, işçilərin kütləvi ixtisarları və karantin və məhdudiyyətlər fonunda müəssisələrin dayandırılması səbəbindən büdcə gəlirləri də azalıb. Belə ki, büdcə gəlirləri 1,2% azalaraq 3,42 trln. dollara düşüb. Gəlir vergisi üzrə daxilolmalar 2019-cu maliyyə ilindəki 1,7 trln. dollardan 1,6 trln. dollara, korporativ mənfəət vergisi üzrə daxilolmalar isə 230 mlrd. dollardan 212 mlrd. dollara enib", - nazirliyin açıqlamasında bildirilir.

ABŞ-ın büdcə xərcləri isə ötən maliyyə ilində 47,3% artaraq rekord 6,552 trln. dollara çatıb.

Sentyabrda ABŞ-ın büdcə kəsiri 124,611 mlrd. dollar təşkil edib, halbuki ötən ilin sentyabrında büdcədə 82,768 mlrd. dollarlıq profisit yaranmışdı. Hesabat ayında büdcə gəlirləri 0,2% azalaraq 373,169 mlrd. dollara enib, xərcləri isə 71% artaraq 497,78 mlrd. dollara çatıb.

Qeyd edək ki, ABŞ-ın dövlət büdcəsində profisit sonuncu dəfə 2001-ci ildə qeydə alınıb. Bununla belə, büdcə kəsiri 2019-cu maliyyə ilində 26% artaraq son 7 il ərzində rekord 984,388 mlrd. dollara (ÜDM-in 4,6%-i) çatıb.

Xatırladaq ki, 1943-cü ildə ABŞ-ın büdcə kəsiri ÜDM-in 27%-ni, 1943-1945-ci illərdə isə 20%-ni təşkil edib. Öz növbəsində, ABŞ-ın dövlət borcu 2020-ci maliyyə ilində ölkə ÜDM-in 102%-nə çatıb və 21 trln. dolları keçib.

APA-Economics

Digər xəbərlər