Azərbaycan beynəlxalq maliyyə institutlarından indiyədək 13 mlrd. dollar kredit cəlb edib

Azərbaycan beynəlxalq maliyyə institutlarından indiyədək 13 mlrd. dollar kredit cəlb edib
# 12 mart 2021 16:05 (UTC +04:00)

2021-ci il 1 yanvar tarixinə Azərbaycan beynəlxalq maliyyə-kredit qurumları ilə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləği 13,031 mlrd. ABŞ dolları ekvivalentində kredit sazişləri imzalayıb.

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.

Sözügedən məbləğ 168 layihə və proqram üzrə 210 kredit sazişi çərçivəsində imzalanıb. Hesabata görə 2021-ci il 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3,732 mlrd. dollar məbləğində əsas borc qaytarılıb.

Hazırda xarici kreditlər hesabına ölkə daxilində 19 layihənin, o cümlədən nəqliyyat sektoru üzrə 8, su təchizatı və kanalizasiya sisteminin bərpası sektoru üzrə 4, sosial sektor üzrə 2, kənd təsərrüfatı sektoru üzrə 2, enerji sektoru üzrə 2, ədliyyə sektoru üzrə 1 layihənin həyata keçirilməsi davam edilir.

Qeyd edək ki, əsas beynəlxalq maliyyə institutlarına gəldikdə, indiyədək Dünya Bankı Azərbaycana 71 layihə üzrə 4,15 mlrd. dollar, Asiya İnkişaf Bankı 74 layihə üzrə 4,44 mlrd. dollar (2020-ci ilin mayın 1-nə), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) isə 174 layihə üzrə 3,084 mlrd. avro ayırmasını öz öhdəliyinə götürüb. Dünya Bankının hazırda Azərbaycan üzrə aktiv layihə portfeli 10 layihə üzrə 979,9 mln. dollar, AYİB-in isə aktiv investisiya portfeli 34 layihə üzrə 1,153 mlrd. avro (2021-ci ilin yanvarın 31-nə) təşkil edir.

Təkcə 2020-ci ildə gəldikdə isə, Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub. Bank ölkəyə 5 mart tarixində ölkədə məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. dollar, 26 mart tarixində isə "Məhkəmə xidmətləri və əqli infrastruktur" layihəsinə əlavə 50 mln. dollar həcmində kreditin verilməsini təsdiqləyib. AYİB isə təkcə 2020-ci ildə Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR