Parlamentdə 2019-cu il büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul edilib - YENİLƏNİB-1

Parlamentdə 2019-cu il büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul edilib - YENİLƏNİB-1
  • Clock-gray 13:07
  • calendar-gray 05 İyun 2020

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, müzakirələrdən sonra “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.

***

11.58

“Aparılan iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, əvvəlki illərdə də ölkəmizdə bir çox islahat həyata keçirilib: “Lakin indiyədək heç vaxt 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdı. Belə ki, qeyri-neft sənayesinin istehsalının 14%, kənd təsərrüfatı istehsalının 7.3%, əhalinin real gəlirlərinin 4.7%, orta aylıq əmək haqlarının 14% artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub. Şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə aparılan mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb. 2019-cu ildə iqtisadiyyatın idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb, çevik və əhatəli idarəetmə üçün təşkilatı zəmin yaradılıb.

Bütün bu müsbət nəticələr dövlət başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilməsinə də imkan yaradıb. Belə ki, 2019-cu ildə ilk dəfə olaraq minimum əmək haqqı 2 dəfə artırılaraq yaşayış minimumunu keçib, minimum pensiya təminatı 200 manata çatdırılıb, müavinət və əmək haqları isə artırılıb. Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 mlrd vəsait hesabına yerinə yetirilib. Təqdirəlayiq haldır ki, bu həcmdə işlər büdcənin imkanları hesabına yerinə yetirilib və inflyasiyanın proqnozlaşdırıldığından aşağı olmasına səbəb olub”.

Komitə sədri qeyd edib ki, 2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilib və problemin həlli üçün müvafiq vəsait ayrılıb: “Bütün bunlarla yanaşı, bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. Əlverişli iqtisadi zəmin büdcənin uğurla iclasına şərait yaratsa da, büdcənin də icrası iqtisadi artıma dəstək verib”.

***

11.52

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

 

Firuzə Vahid

Digər xəbərlər