"Rabitəbank" ötən ili 11 mln. manatlıq mənfəətlə başa vurub

"Rabitəbank" ötən ili 11 mln. manatlıq mənfəətlə başa vurub
# 29 yanvar 2020 11:48 (UTC +04:00)

2019-cu ilin göstəricilərinə əsasən, “Rabitəbank” ASC 11,1 mln manat mənfəət edib və aktivlərini 740 mln manata çatdırıb.

APA-Economics”in banka istinadən verdiyi xəbərə görə, kredit portfeli 2019-cu il ərzində 18% artaraq 385 mln. manat, məcmu kapitalı isə 10 % artaraq, 114 mln manat təşkil edib.

2019-cu il ərzində bankın cəmi gəlirləri əvvəlki il ilə müqayisədə 14% artaraq 53,9 mln manat, xərcləri isə 42,5 mln manat olub.

2019-cu ildə əvvəlki il ilə müqayisədə verilmiş biznes kreditlərinin həcmi 29%, istehlak kreditlərinin həcmi isə 24% artıb. 2019-cu ildə sürətli pul köçürmələrində də 14%-dən çox, plastik kartların sayında 41% artım müşahidə edilib.

Həmçinin bank xüsusi imtiyazları olan və çoxlu sayda üstünlükləri özündə cəmləyən, “Kartmane” kartını müştərilərinə təqdim edib. “Yaşıl” və “Premium Kartmane”, debit və kredit kartı olaraq müştərilərinin istifadəsinə təqdim olunub. Bütün dünyadakı YDM və restoranlardan “cashback” qazandıran “Kartmane”, ölkədə ilk dəfə tam 100 gün güzəşt müddətli kredit kartını da 2019-cu ildə istifadəyə buraxıb. Həmçinin “Mastercard PayPass stiker kartları da bank tərəfindən müştərilərinə təklif edilir.

“Rabitəbank” 27-ci fəaliyyət ilində rebrendinq edərək, ənənəvi xidmətləri ilə yanaşı, rahat və innovativ rəqamsal xidmətlərini öz müştərilərinə təqdim edib. Rahat interfeys və geniş funksionallığı ilə istifadəyə verilən “Rabitabank Mobil” tətbiqi, bankın rabitabank.com rəsmi internet saytı tam yenilənərək istifadəyə təqdim edilib. Həmçinin, bankın digər innovativ təklifi olan “RabitəBot”, 2019-cu ildə hesabın alman üsulu bölünməsi, cərimələrin ödənişi, “Telegram”da dostunuzla danışıq pəncərəsindən ayrılmadan dərhal pul göndərmək və ölkədə ilk dəfə onlayn bələdçi olan “Mastercard konsyerj” xidməti ilə müştərilərinə rahat imkanlar təqdim edib.

2019-cu ildə bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunub. Belə ki, bankın, Nəsimi filialı şəhərin mərkəzində 24/7 rejiminə keçib və yeni üslub ilə müştərilərin ixtiyarına təhvil verilib. Həmçinin paytaxtda daha 3 ATM istifadəyə verilərək, sayı 68-ə çatdırılıb.

İldən-ilə inkişaf edən “Rabitəbank” 2020-ci ildə yeni məhsul və xidmətləri ilə öz müştərilərinə rahat bankçılıq imkanlarını təklif etməyə hazırlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR