Aİ Şurası prezidentinin şəxsi nümayəndəsi növbəti dəfə Tbilisiyə səfər edəcək

Aİ Şurası prezidentinin şəxsi nümayəndəsi növbəti dəfə Tbilisiyə səfər edəcək
# 23 mart 2021 00:37 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçi təyin etdiyi xüsusi nümayəndəsi Kristian Danielson növbəti dəfə Tbilisiyə səfər edəcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Şarl Mişel özünün “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə, K.Danielson həftənin sonunadək ikinci dəfə Gürcüstana səfər edəcək və hakimiyyətlə müxalifət arasında aparılacaq danışıqlarda iştirak edəcək.

“Mən xüsusi nümayəndəmiz K.Danielsonun Gürcüstanda vasitəçiliyi ilə əldə edilən irəliləyişi qiymətləndirdim. İndi gürcü xalqının marağı naminə zəruri kompromislərə getmək vaxtıdır. Kristian Danielson həftəsonu bütün tərəflərin iştirakı ilə vasitəçilik fəaliyyətinə davam etmək üçün Gürcüstana geri qayıdacaq”, - deyə Şarl Mişel yazıb.

Xatırladaq ki, isveçli diplomat K.Danielson martın 12-də vasitəçilik məqsədi ilə Tbilisidə bir həftəlik səfərdə olub. O, martın 18-də hakim partiya ilə müxalifət arasında 10 saata qədər sürən uğursuz danışıqlardan sonra, martın 19-da ölkəni tərk edib.

Aparılan danışıqlardan sonra hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze qeyd edib ki, danışıqların pozulması müxalifətin yekun məqsədi olub. Müxalifət isə hakim partiyanı kompromisə getməməkdə ittiham edib.

Fevralın 23-də “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın partiyanın baş qərargahında həbs edilməsindən sonra Gürcüstanda hakimiyyətlə müxalif partiyalar arasında siyasi böhran pik həddə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR