ETSN: Ağacəkmə kampaniyasında Sabirabad, Şamaxı və İsmayıllı rayonları daha fəal iştirak edib

ETSN: Ağacəkmə kampaniyasında Sabirabad, Şamaxı və İsmayıllı rayonları daha fəal iştirak edib
# 06 dekabr 2019 18:01 (UTC +04:00)

"Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu il çərçivəsində bütün sahələr üzrə bir sıra maraqlı tədbirlər keçirildi. Bu tədbirlərlə yanaşı, “Nəsimi ili”nə töhfə verilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü irəli sürüldü". APA xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, hər il ölkədə yüz minlərlə ağac əkilir. Lakin bu təşəbbüs hamını bir amal ətrafında birləşdirdi, həmrəy olmağa sövq etdi: "Çox sevindirici və qürurvericidir ki, hər kəs bu xeyirxah təşəbbüsü dəstəklədi, böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıdılmasına, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşıllıqların daha da artırılmasına hesablanan ideyanın həyata keçirilməsində yüksək əhval - ruhiyyə nümayiş etdirdi. SOCAR, BP kimi böyük şirkətlərdən tutmuş fərdi insanlara kimi hamı bu təşəbbüsə qoşuldu".

İ. İbrahimova bildirib ki, ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulması həqiqətən fəxr ediləsidir: "Bu təşəbbüsdə Sabirabad, Şamaxı, İsmayıllı rayonları işləri ən yaxşı təşkil etmələri, daha çox ağac əkmələri, damcılı suvarma sistemləri quraşdırmaları ilə xüsusilə fərqləndi. Bu təşəbbüsün həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi qərargah yaradıldı və nazir müavini Firdovsi Əliyevin rəhbərliyi ilə böyük bir qrup bu işlə məşğul oldu. Ağac əkiləcək ərazilərin müəyyən olunması, yerli iqlim şəraitinə uyğun tinglərin seçilməsi, əkin ərazilərinə daşınması bu qrupun fəaliyyəti nəticəsində reallaşdı. İnanıram ki, ağac əkən və bu təşəbbüsə qoşulan hər kəs bunu yaddaşında saxlayacaq, sonrakı illərdə fəxrlə xatırlayaraq qürur duyacaq". Mətbuat rəhbəri qeyd edib ki, bu payız mövsümündə ağac əkilməsi tədbirləri bundan sonra da bütün regionlarda davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR