Rusiya MN: Son sutkada Ukraynanın 3 hərbi təyyarəsi, 9 PUA-sı vurulub

Rusiya MN: Son sutkada Ukraynanın 3 hərbi təyyarəsi, 9 PUA-sı vurulub
# 30 iyun 2022 12:59 (UTC +04:00)

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus Su-27 qırıcısını və doqquz pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya hava hücumundan müdafiə sistemləri “DXR”-in Sofiyevka yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini, habelə Ukraynanın 9 pilotsuz uçuş aparatını “DXR” və Xarkov vilayətinin müxtəlif yaşayış məntəqələri ərazilərində vurub”, deyə məlumatda qeyd olunub.

Rusiya MN-dən o da bildirilib ki, ötən sutka ərzində Rusiya aviasiyası Dnepropetrovsk və Xerson vilayətlərində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini havada vurub: “Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Dnepropetrovsk vilayətinin Şirokoye və Xerson vilayətinin Arxangelskoye yaşayış məntəqələri ərazilərində havada Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub”.

Nazirlikdən Ukrayna tərəfinin müharibə başlayandan indiyədək verdiyi hərbi itkilər barədə məlumat da açıqlanıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 224 təyyarə, 134 helikopter, 1400 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3859 tank və digər zirehli döyüş texnikası, 698 reaktiv yaylım atəşi sistemi, 3 059 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3 916 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR